Qarayara – əlamətləri, müalicəsi, profilaktikası

Qarayara və ya Sibir yarası (el arasında Sibir xorası da deyilir) (yun. anthrax – kömür) – kəskin zoonoz yoluxucu seroz-hemorragik və nekrotik iltihabın inkişafı ilə xarakterizə olunan xəstəlik. Xəstəlik lokallaşmış (dəridə) və yayılmış (septik) formalarda kəskin nəzərə çarpan intoksikasiya sindromu ilə cərəyan edir. Bəzən bu xəstəliyi “bədxassəli çiban” da adlandırırlar.

 

Tarixi məlumat

 

Qarayara qədim zamanlardan “müqəddəs od”, “fars odu” və s. adlar altında məlumdur. S.S.Andreyevski (1788) Uralda özünü yoluxdurma təcrübəsi ilə insan və heyvanların qarayarasının identikliyini müəyyən etmişdir. Alman tədqiqatçı Pellender (1849) qarayara basillərini xəstə heyvanların qanından almışdır. Baytar həkim F.Brauell Rusiyada (1857) qarayaratörədici mikrobunu ölmüş adamın qanında tapmışdır. Robert Kox (1876) süni qidalı mühitlərdə xəstəliyin törədici mikrobunun təmiz kulturasını almış, onun spor əmələgətirmək qabiliyyətini aşkar etmiş və eksperimentdə siçanlar üzərində qarayara infeksiyasını tədqiq etmişdir. Lui Paster ilk dəfə olaraq qarayara infeksiyasının spesifik profilaktikası üçün canlı peyvənd (vaksin) təklif etmişdir.

 

Etiologiya

 

Qarayara Bacillus anthracis törədici mikrobu növünə, Bacillaceae ailəsinə aid olub, ucları düzbucaq altında xarakterik kəsilmiş, uzunluğu 3-10 mkm, eni 1-1,5 mkm olan iri hərəkətsiz çöpdür. Orqanizmdə inkapsullaşmış tək-tək çöplərə və ümumi kapsul ilə əhatələnmiş 2-3 mikrobdan ibarət zəncirə təsadüf edilir. Basillərin gövdələrinin ucları təmas yerlərində azca qalındır və zəncir bambuk əl ağacını xatırladır. Xarici mühitdə Bacillus anthracis 0,8-1×1,3-1,5 mkm ölçüsündə sporlar əmələ gətirir, qrammüsbətdir, anilin boyalarla yaxşı rənglənir. Romanovski-Kimza üzrə rəngləndikdə və kapsullar Sil-Nilsen metodundan istifadə edildikdə sporlar aşkara çıxır.

Qarayara basilləri fakultativ aerobdur. Ətli-peponlu aqarın səthində onlar çıxıntılı olan sap kələfindən ibarət “şiryalı”, “meduza başı”, donuq, tutqun, kələ-kötür kapsulsuz koloniyalar (R-forma), at zərdabında 80°C temperaturda hamar, selikli, yarımşəffaf bürmələnmiş koloniyalar şəklində (S-forma), ətli-peptonlu bulyonda – sınaq şüşəsinin dibində pambıq topası şəklində inkişaf edir. Bacillus anthracis ölümə səbəb olan toksindən, ödem amilindən və protektiv antigendən ibarət olan, natamam anticisimləri induksiya edən ekzotoksinin protein kompleksini törədir. Bacillus anthracis törədici mikrobun antifaqositar aktivliyini təmin edən kapsullu protein antigeni və mikrob divarında yerləşən somatik polisaxarid antigeni vardır. Somatik antigen termostabildir, heyvan və insan orqanizmində immunoqlobulinlər sintezini induksiya etmir, meyit materialında uzun müddət qalır, antigenin termostabil xüsusiyyətindən xəstəliyin diaqnozunu qoymaq üçün (Askoli) termopresipitasiya reaksiyasında istifadə edirlər. Kapsulda qlütamin turşusunun polipeptidi protein antigeni tapılmışdır. Qarayara basillərinin mutant formaları məlumdur ki, onlardan immunoprofilaktik vaksinlər hazırlanır.

Bacillus anthracis-lər 50°C-dək qızdırıldıqda 30 dəqiqə ərzində, 75-80°C temperaturda 60 saniyədən sonra, adi konsentrasiyada suleyma, formaldehid, xlorun təsirindən bir neçə dəqiqədən sonra tələf olur. Qarayara basilləri aşağı temperatura son dərəcə davamlıdır.

Bacillus anthracis-in qarayara sporları xarici mühitdə yüksək dərəcədə davamlıdır. Yaşama qabiliyyətini suda bir neçə il, torpaqda on illərlə saxlayır; quru isti onları 140°C-də 3 saat ərzində qırır,

 

Bacillus anthracis kulturası
Bacillus anthracis-in sporları
Qrammüsbət Bacillus anthracis

 

qaynatma zamanı 45-60 dəqiqə sonra tələf olurlar. Sporlar dezinfeksiyaedicilərə qarşı davamlıdır, heyvanların aşılanmış dərisində belə uzun müddət diri qala bilirlər. Ətin duzlanması sporları məhv etmir.

 

Epidemiologiya

 

İnfeksiya mənbəyi xəstə ev heyvanları: qaramal, at, eşşək, qoyun, keçi, maral, dəvə, donuzdur. Bu heyvanlarda xəstəlik yayılmış formada keçir. İnsanda yoluxma halları olduqca azdır. Daha tez-tez kontakt yolla, daha az alimentar, hava-toz və transmissiv yolla yoluxmaya təsadüf edilir.

Bacillus anthracis-in insana verilmə amili xəstə heyvanlardır, onların ifrazatı, ölmüş heyvanların leşləri, onların dəriləri və daxili orqanları, yarımfabrikatlar, heyvan ətindən hazırlanmış məmulat, başqa qida məhsulları, qarayara sporları səpələnmiş torpaq, su, hava və xarici mühit əşyalarıdır.

Bacillus anthracis-in mexaniki inokulyativ verilməsində qansoran həşəratlar (böyənəklər, payız milçəyi) müəyyən rol oynayır. Xəstəliyin peşə-kənd təsərrüfatı, peşə-sənaye və təsadüfi-məişət tipləri mövcuddur.

Xəstəliyin şiddətlənməsi, bir qayda olaraq məhdud xarakter daşıyır. Yoluxma heyvan mənşəli infeksiyalaşmış xammalla təmas yolu ilə baş verir. Daha tez-tez dabbaqlar, sallaqxana və ət kombinatı işçiləri, yunçırpanlar, xəstə heyvanlara baxanlar xəstələnirlər. İnsanların qarayara ilə infeksiyalaşmış heyvanların xammalından hazırlanmış əşyalar (papaq, kürk, əlcək, corab) vasitəsilə yoluxma təsadüfləri məlumdur.

Qarayaranın peşə-kənd təsərüffatında xəstələnmə halları daha çox yay-payız aylarında təsadüf edilir.

 

Patogenez və patoloji anatomiya

 

İnsan qarayarasının dəri və septik formaları ayırd olunur. Xəstəliyin 98-99%-i dəri formasının payına düşür. Bu formada törədici mikrobun giriş qapısı dərinin açıq yerləri, zədələnmiş epiteli və selikli qişalar sayılır. Törədici mikrobun dəriyə daxil olduğu yerdə qarayara karbonkulu (çiban) əmələ gəlir. O, nekrozla ətraf toxumaların ödemi ilə regionar limfadenitlə müşayiət edilən serrozlu-hemorragik iltihab ocağı şəklində olur. Törədici mikrobun virulentliyi yüksək və orqanizmin müqaviməti az olan zaman bəzi hallarda birincili qarayara sepsisi inkişaf edir: yerli təzahürlər nəzərə çarpmaya bilər.

Qarayara çöpləri regionar limfatik düyünlərdə intensiv artaraq kəskin spesifik limfadenitə səbəb olur, sonradan isə qan dövranına keçir və orada törəyib artır. İnfeksiya prosesi yayılır -sepsis başlayır. Qarayara sepsisi giriş qapısı -əsasən yuxarı tənəffüs yolları nahiyyəsində və qida borusunda lokallaşan zaman inkişaf edir. Patoloji-anatomik dəyişiklik kəskin hiperemiyyadan və daxili orqanların çoxqanlılığından (durğunluğundan) ibarət olur. Tünd-qırmızı qan laxtalanmır və venaları doldurur. Ağciyərlərdə yayılmış ödem, plevra və periton boşluqlarında qanlı-serozlu maye toplanır. Miokardda və epikardda ocaqlı qansızmalar, mədə və bağırsağın selikli qişasında çoxlu hemorragiyalar meydana çıxır. Çöz limfa düyünləri böyüyür və tünd rəngdə olur. Qara ciyər və dalaq böyüyür, tünd qanla dolur. Beyin qişaları ödemli olur, çoxlu hemorragiyalar nəzərə çarpır ki, bu ona “kardinal papağı” xarakterik şəkli verir. Beyin maddəsi çoxqanlı olur. Qanda, onurğa kanalı mayesində, zədələnmiş orqan və toxumalarda çoxlu miqdarda qarayara basilləri olur.

 

Klinik mənzərə

 

Qarayara – nekrozlaşmış xoralar

 

Qarayarada ikubasion dövr xəstəliyin formasından asılı olaraq dəri formasında 2-14 gün, septik formada bir neçə saatdan 6-8 gündür.

 

Dəri forması

 

Qarayaranın dəri formasının daha tez-tez təsadüf ediləni karbunkulyoz (çibanlı) formadır. Ödematoz bulyoz və eripipeloid formalara az təsadüf olunur. Başlıca olaraq bədənin açıq hissələri zədələnir. Karbunkullar başda, boyunda, ağızın və burunun selikli qişalarında lokallaşanda xəstəlik xüsusilə ağır keçir.

Zədələnmiş nahiyədə bir və bir neçə karbunkul (çiban) ola bilir. İnfeksiyanın giriş qapısı yerində ardıcıl olaraq ləkə, papula, vezikula, yara inkişaf edir. Ləkələrin diametri 1-3 mm, rəngi qırmızımtıl-göyümtül olur, ağrımır, həşəratın dişləməsindən qalan izə bənzəyir. Bir neçə saat sonra ləkə dəri səthindən, qabaran qırmızı-mis rəngli paulaya çevrilir. Yerli qaşınma və yandırma hissiyatı güclənir. 12-24 saatdan sonra papula 2-3 mm diametrli, serozlu maye ilə dolu sudurcuğa çevrilir, tündləşir, qırmızı, bəzən tündqırmızı-bənövşəyi (pustula maligna) olur. Sudurcuq qaşınma zamanı və ya öz-özünə partlayır, divarları yatır, tünd qəhvəyi qartmaqla örtülmüş yara əmələ gəlir. Bir sutkadan sonra yaranın diametri 15 mm-ə çatır. Onun mərkəzi hissəsinin nekrozu nəticəsində yara bərk ağrısız qara qartmaqla örtülmüş olur. Qartmağın ətrafı qırmızı rəngli iltihab yastığından ibarət olur. Qartmaq xarici görünüşünə görə qırmızı fonda kömür parçasını xatırladır. Xəstəliyin adı da buradan (anthrax -kömür) götürülmüşdür. Zədələnmə bütövlükdə karbunkul (çiban) adını almışdır. Karbunkulların diametri bir neçə millimetrdən 10 sm-dək dəyişir.

Qartmağın kənarlarında mirvari dənələri kimi ikincili papulalar törəyir. Bu elementlər inkişaf edərək xırda qartmaqlara çevrilir. Onlar qarışaraq zədənin ölçüsünü böyüdür. Qartmağın altında sağlam dərinin səthindən qabaran tünd qırmızı yastıq şəklində bərk infiltrat olur. Sonradan buna ödem qoşulur. Ödem bəzən yumşaq dərialtı hüceyrəli böyük sahəni tutur. Perkussiya ilə ödem nahiyəsinə vurulan zərbə çox vaxt həlməşikvari titrəyiş törədir (Stefanski simptomu).

 

Əlamətləri

 

Karbunkulun sifətdə (burunda, dodaqda, yanaqda) lokallaşması çox təhlükəlidir, çünki ödem yuxarı tənəffüs yollarına yayılır, asfiksiyaya və ölümə səbəb ola bilir. Qarayara karbunkulu nekroz zonasına hətta iynə batırdıqda belə ağrısız olur. Bu mühüm diferensial-diaqnostik əlamətidir. Qarayaranın dəri formasında regionar limfadenitlər inkişaf edir. Onlar ağır hallarda nəzərəçarpan limfangitlərlə birləşə bilər. Qarayaranın dəri formasının ödematoz növü ödemin ilkin olaraq karbunkul inkişaf etmədən meydana çıxması ilə xarakterizə olunur. Xəstəliyin daha sonrakı vaxtında nekroz baş verir və böyük ölçülü karbunkul formalaşır. Bulloz formada infeksiyanın giriş qapısı yerində içərisi hemorragik maye ilə dolu sudurcuq əmələ gəlir. Sudurcuq deşildikdə və ya zədələnmiş nahiyə nekrozlaşdıqdan sonra karbunkul şəkli alan geniş xoralı səth əmələ gəlir. Qarayaranın dəri formasının erizipeloid növünün xüsusiyyəti, içərisində şəffaf maye olan çox sayda sudurcuğun inkişafından ibarətdir. Onlar deşildikdən sonra xoralar qalır və qabıq bağlayır. Qarayaranın dəri forması xəstələrin təxminən 80%-də yüngül və orta ağırlıqda, 20%-də ağır formada keçir. Xəstəliyin yüngül formasında nekrotik qartmaq, ödem, orqanizmin intoksikasiyası orta dərəcədə nəzərə çarpır. Bədən hərarəti normal və ya subfebril olur. 2-3 həftənin sonunda qartmaq qopur, yerində bərk çapıq qoyur. Xəstəliyin yüngül formaları tam sağalma ilə başa çatır.

 

Xəstəliyin daha ağır formalarında keyfsizlik, əzginlik, başağrısı nəzərə çarpır. Birinci günün axırına yaxın bədən hərarətinin 39-40°C qədər yüksəlməsilə orqanizmin intoksikasiyası inkişaf edir, ürək-damar sisteminin fəaliyyəti pozulur. Xəstəlik yaxşı qurtaranda 5-6 gündən sonra hərarət kritik düşür, ümumu və yerli simptomlar geriyə inkişaf edir, ödemlik tədricən azalır, limfadenitlər və limfangitlər itir, qartmaq 2-4 həftədən sonra qopub düşür, xora sağalır, yerində çapıq qalır.

 

Qarayaranın dəri formasının ikincili septisemiya ilə ağırlaşması hallarında bədən hərarəti 40-41°C-dək qalxır. Titrətmə, şiddətli başağrısı, başgicəllənmə, sayıqlama olur, yuxu pozulur, nəbz dəqiqədə 120-160-dək sürətlənir, arterial təzyiq düşür. Xəstələrin bəzilərində bu təzahürlərə qanlı qusma və tez-tez qanlı ishal əlavə olunur. Qara ciyər və dalaq böyüyür, dəri hematogen-metastatik mənşəli ikincili səpmə ilə zədələnir. Qanda çoxlu qarayara çıpləri tapılır. Prosesin güclənməsi ağır endokarditə və ag ciyər ödemi ilə keçən ikincili pnevmoniyay, soporoz hala, komaya və 1-4-cü gün ölümə səbəb olur.

 

Septik forma

 

Qarayaranın ikincili pnevmoniya ilə fəsadlaşması

 

Stafilokokk infeksiyası ilə ikincili septik qarayara pnevmoniyalarının birləşməsi istisna edilmir. Qarayaranın septik forması yüksək virulentli törədici mikroblara, tənəffüs yollarının selikli qişasından keçən massiv infeksiyalaşma zamanı inkişaf edir. Az hallarda təsadüf edilir. Proses qabaqcadan dəri üzərində ocaqlı dəyişikliklər olmadan tez yayılır. Bədəndə çoxlu hemorragiyalar meydana çıxır, meningial sindrom aşkar edilir. Qanda və onurğa kanalı mayesində qarayara çöpləri olmur. Xəstəliyin birinci, az hallarda isə ikinci günü infeksion-toksik şokdan ölüm hadisəsi baş verir. Qarayara sepsisi çox vaxt ağ ciyərin və bağırsağın zədələnməsilə müşayiət edilir. Bu, xəstəliyin ağ ciyər və bağırsaq formalarının ayırd edilməsinə səbəb olmuşdur. Qarayaranın septiki formasının müxtəlif ağ ciyər variantları nəzərəçarpan intoksikasiya təzahürlərilə son dərəcə ağır keçir. Hərarət 39-40°C-dək yüksəlir. Şiddətli öskürək, sinədə sıxıntı, köpüklü-qanlı bəlğəm ifrazatı meydana çıxır. Ağ ciyərlərin şiddətli ödemi və hemorragik eksudatlı plevrit təzahürlərilə keçən pnevmoniya müəyyən edilir. İfraz olunan bəlğəm moruq jelesi şəklində püxtələşir və içərisində qarayara çöpləri olur. 2-3-cü sutka xəstələr infeksion-toksik şokdan ölürlər. Qarayaranın septik formasının bağırsaq variantı qəflətən başlayır. Qarında kəskin iti ağrılar meydana çıxır, ona ürəkbulanması, ödlə qarışmış qanlı qusma, qanlı ishal qoşulur. Bağırsağın zədələnməsi bəzən onun perforasiyası -deşilməsi nəticəsində inkişaf edən peritonitə səbəb olur. Bu zaman bədən hərarəti 39-40°C-dək yüksəlir, həyəcanlanma və eyforiya, sayıqlama, qıcolmalar, meningeal sindrom olur. Dəri üzərində ikincili səpmə meydana çıxır, diffuzstianozlar inkişaf edir. Nəbz tezləşmiş və sapvari olur, arterial təzyiq düşür. Xəstəlik 1-4 gün davam edir və ürək çatışmazlığından ölümlə nəticələnir. Xəstə son dərəcə nadir hallarda sağalır.

 

Proqnoz

 

Hazırda qarayaranın dəri formasının proqnozu müsbətdir. Ölüm hadisəsi faizin onda biri hissəsinə qədər endirilmişdir. Septik formada proqnoz bütün hallarda, hətta intensiv müalicə erkən başlandıqda da əsasən mənfidir.

 

Diaqnostika

 

Diaqnozun qoyulması prosesində, xüsusilə, xəstənin peşəsinə dəxli olan əsaslı epidemioloji anamnez toplamaq lazımdır.

Laborator diaqnostikası patoloji materialın bakterioskopiyasından, onun qida mühitlərində əkilməsindən, heyvanların yoluxdurulmasından Askoli termopresipitasiya reaksiyasının qoyulmasından, immunoflüoressensiya metodundan istifadə etməkdən ibarətdir. Qarayaranın erkən və retrospektiv diaqnostikası məqsədilə antraksinlə dəridaxili sınaq qoyurlar. O, xəstələrin 90-95%-də xəstəliyin beşinci günündən sonra müsbət nəticə verir.

Qarayaranın dəri formasında laborator tədqiqat üçün material vezikulanın və karbonkulun möhtəviyyatı, yaranan ifrazatı, qoparılmış qartmaq sayılır. Septik formada bəlğəmi, qusuntu kütləsini, ifrazatı, qanı tədqiq edirlər. Tədqiqat xüsusi təhlükəli infeksiyalarla işləmə qaydalarına riayət olunmasını tələb edir və xüsusi laboratoriyalarda aparılır. Qarayaranı manqodan, adi karbunkul və fürunkullardan, stafilakokk karbunkullarından, taundan, tulyaremiyadan, qızılyeldən, başqa etiologiyalı sepsisdən diferensasiya edirlər.

 

Müalicə

 

Etiotrop terapiya məqsədilə xəstəlik müvafiq olaraq antibiotiklərlə müalicə edilir.

Patogenetik terapiya məqsədilə kolloid, kristalloid və elektroloid məhlullarından, plazma, albumin, qlükokortikoidlərdən istifadə edilir. Zədələnmiş nahiyələrə cərrahi müdaxilələr yolverilməzdir.

 

Profilaktika

 

Qarayaranın profilaktikası tibbi və baytar-sanitariya xarakterli tədbirlər kompleksinin aparılmasını nəzərdə tutur. Qarayaralı xəstələr izalə olunaraq onlar üçün xüsusi qab-qacaq, qulluq əşyaları, paltar ayırırlar. Palatalar cari nəm dezinfeksiya (1:500 sülema məhlulu və 3%-li xlor məhlulu) olunur. Xəstənin qab-qacağı uzun müddət qaynadılır və sarğı materialları yandırılır. Qarayaranın dəri formasında rekonvalessentləri qartmaq qopub düşdükdən və çapıq əmələ gəldikdən sonra xəstəxanadan buraxırlar. Septik formasında isə rekonvalessentləri 5 gün interval olmaq şərtilə aparılan bakterioloji müayinə azı iki dəfə mənfi olduqdan sonra buraxılması mümkündür.

ABŞ-da və Böyük Britaniyada bu xəstəliyə qarşı peyvənd (Human Anthrax Vaccine, MDPH-PA) əldə edilmişdir. Bu peyvənd törədici mikrobun protektiv antigeninə qarşı effektlidir. Lakin hər iki peyvənddən istifadə edilməsinə Almaniyada qadağa qoyulmuşdur.

 

Ümimiləşmiş məlumatlar

 

İnkubasiya dövrü Xəstəliyin inkubasiya dövrü dəri formasında 3-7 gün, ağciyər formasında 1-6 gün, qastrointestinal formasında isə 1-7 gündür.

Tənəffüs zamanı mikrob isə (miqdarından asılı olaraq) ağ ciyər formasının inkubasiya dövrünü 60 günə qədər uzada bilər.

 

SimtomlarıSimtomlar yoluxma yoluna bağlı olduğu üçün fərqli şəkildə ortaya çıxır. Xəstəliyin 3 forması mövcuddur:

  1. Dəriforması: ən çox rast gəlinən formadır. Heyvanın dərisi, yunu, əti ilə sızanaqlardan yoluxma ilə ortaya çıxır. Daha çox əl, qol, boyun və üz nahiyələrində görünür. Dəri infeksiyası böcək sancmasına bənzər şəkildə qabarıq, qaşıntılı şişkinlik olaraq inkişafa başlayır. Ancaq 1-2 gün içərisində vezikula ortaya çıxır. Daha sonra bu, ağrısız, 1-3 sm böyüklüyündə, ortasında səciyyəvi qara nekroz sahəsi olan xoraya çevrilir. Yaxın limfa düyünlərində şişkinlik və infeksiya yerində ödem ola bilər. Xora 1-2 həftədə quruyaraq qopub tökülür və yerində iz saxlayır. Xəstəlik müalicə edilməzsə, 20 faiz ölümlə nəticələnə bilər. Ölüm hallarını azaltmaq üçün isə antibiotiklə müalicə vacibdir.
  2. Ağ ciyər forması: ilk simptomları soyuqdəyməyə oxşayır və zəiflik, yorğunluq şəklində müşahidə olunur. Sonra yoluxmuş şəxsdə 39-40 dərəcə qızdırma, öskürək, taxikardiya, sianoz, nəfəs almaqda çətinliklər ortaya çıxır. Ağ ciyər forması əksər hallarda, yəni 97 faiz ölümlə nəticələnir. Bunun üçün də Sibir xorası törədicisi bakteroloji silah kimi istifadə edilə bilər.

Qeyd edək ki, Sibir xorası törədicisindən terror aktlarında da istifadə edilir. Bu fakt tarixdə dəfələrlə təkrarlanıb. Son illər isə daha çox ABŞ rəsmlərinə bu xəstəliyin törədicisini məktub vasitəsilə yollayıblar.

  1. Qastroinestinal forma: infeksiya heyvan ətinin tam bişməmiş və ya çiy yeyilməsi nəticəsində yoluxur. İlk əlamətləri ürəkbulanması, qusma, iştahasızlıq və qızdırmadır. Daha sonra xəsətlik qarın ağrısı, qanqusma və ağır ishal olaraq davam edir və çox zaman ölümlə nəticələnir.

 

Necə qorunmalı? – İnfeksiyanın insandan insana keçməsi normal şəraitdə mümkün deyil. Bunun üçün də xəstəlikdən qorunmağın ən yaxşı yolu xəstə heyvanların ətinə toxunmamaq, baytar nəzarəti olmayan yerlərdən ət almamaq, əti çiy yeməmək və yarıbişmiş yeməkdən qaçmaqdır. Sibir xorası xəstəliyindən ölən insanları və heyvanları uyğun bir şəkildə basdırmaq və ya yandırmaq yayılmanın qarşısını alır. Xəstəlikdən ölən heyvanların bütün təbii dəlikləri (ağız, burun, anus) tamponlanaraq, 2 metr dərinliyində çuxura atılır və üzərinə dezinfeksiyaedici maddə (əhəng və s.) tökülür, sonra torpaqlanır.

 

Xatırladaq ki, Sabirabad Mərkəzi Rayon Xəstəxanasının infeksiya şöbəsinə yüksək hərarətlə 2 nəfər müraciət edib. Xəstələr ilk olaraq hərarətlərinin soyuqdəymədən qalxdığını ehtimal ediblər. Lakin sonradan vəziyyətlərinin ağırlaşdığını görəndə qohumları xəstəxanaya müraciət etməyi qərarlaşdırıblar.

Səhiyyə Nazirliyindən verilən xəbərə görə, müayinə zamanı infeksion şöbənin müdiri Fazil Əliyev xəstələrdə qarayara olduğunu ehtimal edib. Bu səbəbdən də alınan nümunələr İmişli Rayon Taun Əleyhinə Stansiyaya göndərilib. Nümunələri öyrənən Taun Əleyhinə Stansiyanın mütəxəssisləri qarayara xəstəliyi diaqnozunu təsdiqləyiblər. Diaqnozu bildikdə qohumları xəstələrini paytaxta aparmaq qərarına gəliblər. İyul ayının 25-də xəstələr ağır vəziyyətdə Kliniki Tibbi Mərkəzə yerləşdiriliblər. İyul ayının 29-da isə xəstələrdən biri -60 yaşlı kişi dünyasını dəyişib. Həkimlərin bildirdiyinə görə, yara ölənin sağ əlinin baş barmağında olub.

Məlumata görə, xəstəxanaya gətirilərkən xəstələr ağır vəziyyətdə olublar. Hazırda ikinci xəstənin müalicəsi davam edir.

Bu xəstəlik 2014-cü ildə 10 nəfərdə, 2015-ci ildə 9 nəfərdə, 2016-cı ildə 10 nəfərdə, 2017-ci ildə 6 nəfərdə, 2018-ci ildə 9 nəfərdə, 2019-cu ildə 7 nəfərdə qeydə alınıb. Bu günə qədər ölümlə nəticələnməyib.

 

Qənirə MƏMMƏDLİ

 

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir