Övladlığa uşaq götürməklə bağlı qaydalar sadələşdirilir

Övladlığa götürüləcək uşaqların vahid sistemdə uçotu aparılacaq.

 

Medpress.az-ın xəbərinə görə, bunu Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin şöbə müdiri Sabir Qocayev jurnalistlərə açıqlamasında bildirib:

 

“Övladlığa götürülmək məsələsində hazırda 3 mərkəzi icra hakimiyyəti orqanı iştirak edir. 0-3 yaşında olan uşaqlarla bağlı Səhiyyə Nazirliyi, 3 yaşdan böyük uşaqlar üçün Təhsil Nazirliyi, vətəndaşlığı olmayan, əcnəbilərə uşaqların verilməsi ilə bağlı Ailə, Qadın və Uşaq Problemləri üzrə Dövlət Komitəsi məşğul olur. Fərmanla bağlı nazirlikdə xüsusi bir “Alt sistem” yaradılacaq. Nazirliyin mərkəzləşdirilmiş informasiya sistemində yaradılacaq “Alt sistem” qeyd etdiyim orqanlar üzrə vahid uçot aparacaq.

 

Övladlığa götürmək istəyən insanların həmin uşaqlarla bağlı bir sıra dövlət qurumunda olan məlumatlar artıq kağız üzərində deyil, həmin qurumlarda olan informasiya sistemlərinə inteqrasiya olunmaqla real vaxt rejimində həll ediləcək. Övladlığa götürməklə bağlı proses sadələşdiriləcək. Bu məsələ ilə bağlı Ailə Məcəlləsinə dəyişikliklər paketi, eyni zamanda, bu qərarı tənzimləyəcək Nazirlər Kabinetinin qərarını təşviqləyəcək qərar layihəsi hazırlanır. Vahid bir qərar sisteminin olması planlaşdırılır. Həmin qaydalarda övladlığa götürmə və valideynlik himayəsindən məhrum olmaqla bağlı bütün məsələlər öz əksini tapacaq. “Alt sistem” in fəaliyyətinin iyunun 1-dən fəaliyyətə başlaması nəzərdə tutulur”.

Şöbə müdiri qeyd edib ki, övladlığa götürmə ilə bağlı qərarı Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi verəcək və uşaq övladlığa veriləndən sonra nəzarəti də bu nazirlik həyata keçirəcək: “Övladlığa uşaq götürmək istəyən şəxslərin növbəsinin çatması əsas amil olmayacaq. Bu zaman valideyn olmağa uyğun olanlar seçiləcək. Eyni zamanda uşaqların da özünün seçim şansı olacaq. Uşaq üçün uyğun olan valideyndən bir neçəsi arasından ən uyğun olanı seçiləcək. Bir neçə aylıq sınaq müddətində uşaq ailədə yerləşdiriləcək. Nazirliyin əməkdaşları mütəmadi olaraq uşağa nəzarət edəcək. Uşaqlar 18 yaşına çatana qədər ailədə monitorinqlər aparılacaq”.

 

(Visited 119 times, 1 visits today)

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir