Çay (qara çay) bütün dünyada sudan sonra ən çox içilən içkidir. Və bu, təkcə susuzluğu yatırmaq üçün deyil. Çay hələ qədimdən şəfalı xüsusiyyəti ilə tanınır. Faydaları isə saymaqla bitməz. Demək olar ki, elm adamları az qala hər gün bu möcüzə bitkinin bir sirrini açırlar. Medpress.az da bu araşdırmalara istinadən bu gün – Beynəlxalq Çay Günündə (keçid edin) çayın bəzi faydalarını təqdim edir.
- Çay xərçəngdən qoruyur. Xüsusən də bağırsaq xərçənginə qarşı xeyirlidir. Çaydan alınan polifenolun bəzi xərçəng növlərinin əmələgəlməsinə qarşı qoruyucu təsiri artıq faktdır. Məsələn, gündə 2-3 stəkan qara çay içən qadınlarda döş və yumurtalıq xərçəngi riski xeyli azalır. Çay ağ ciyər xərçəngini də önləyə bilir.
- Araşdırmalar göstərib ki, gündə 3-4 stəkan qara çay içənlərdə ürəktutma riski 1 stəkan içənlərlə müqayisədə 21 faiz azdır. Çayın infarkt riskini 44 faiz, xolesterolu 11 faiz azaltdığı da sübuta yetirilib.
- Mütəmadi istifadə nəticəsində qara çayda olan fitokimyəvi maddələr sümüklərin daha möhkəm və sağlam olmasını təmin edir, osteoporoz və artrit riskini azaldır.
- Yaşlı insanlarla aparılan araşdırmalar zamanı gündə davamlı olaraq 1-2 stəkan qara çay içənlərdə 2-ci tip diabet ehtimalının 70 faiz azaldığı təsbitlənib.
- Gün boyu 2-3 stəkan çay içməklə stresdən də qurtulmaq olar. Çünki çayda olan “L-theanine” maddəsi insanı sakitləşdirir, stress hormonu olan kortizolun azalmasına səbəb olur.
- Çay bədəndəki yağları yandırır. Xüsusilə də qarın bölgəsindəki piylənməni əngəlləyir, çəki atmağa yardımçı olur.
- İmmun sistemini gücləndirir. Buna viruslarla mübarizə aparmaq qabiliyyəti sayəsində nail olur.
- Qara çayın tərkibində olan tanen maddəsi mədə və bağırsaq xəstəliklərində yaxşı təsir göstərir, həzm sisteminin fəaliyyətinin yaxşılaşmasına kömək edir.
- Antioksidant xüsusiyyəti var. Bununla da orqanizmdə bir çox xəstəliklərin səbəbi olan sərbəst radikallara qarşı mübarizə aparır.
- Nəhayət, orqanizmə enerji verir. Az miqdarda da olsa, tərkibindəki kofein qan dövranını normallaşdırır, beynin funksiyalarını gücləndirir.