Bu gün Beynəlxalq Çay Günüdür

15 dekabr dünyada Beynəlxalq Çay Günü kimi qeyd edilir. Ancaq bu bayram qeyri-rəsmi bayramdır. Təhsil və Ünsiyyət Mərkəzinin təşəbbüsü ilə “təsis edilən” bu gün çayçıların (çay sənayesi işçiləri) peşə bayramı sayılır.

Medpress.az-ın məlumatına görə, Beynəlxalq Çay Günü nisbətən “cavan” bayramdır. “Çay günü”nü qeyd etmək ideyası çoxdan dolaşsa da, 2004-cü ildə Hindistanın Mumbay və Braziliyanın Porto-Aleqra şəhərlərində ümumdünya ictimai forumlarında müzakirələrdən sonra 2005-ci ildə, nəhayət ki, “Beynəlxalq Çay Günü” kimi qəbul edildi.

 

Bunda məqsəd cəmiyyətin və siyasilərin diqqətini çay satışı ilə bağlı problemlərə, çay istehsalı işçilərinin vəziyyətinə, kiçik istehsalçıların iri korporasiyalarla mübarizədə qarşılaşdıqları çətinliklərə, eləcə də bu içkinin dünyada daha da populyarlaşdırılmasına diqqət çəkmək idi.

 

Digər tərəfdən, Beynəlxalq Çay Gününün 15 dekabra salınmasının rəmzi səbəbi də var. Belə ki, 1773-cü ildə “Çay İndustriyası İşçilərinin Ümumdünya Hüquq Bəyannaməsi” qəbul edilib.

 

Çayçıların bayramı Hindistan və Şri-Lankada daha geniş qeyd edilir. Bununla belə, digər ölkələrdə də yayılmaqdadır.

 

Çay Azərbaycanda

 

Çay bitkisi ilk dəfə 1912-ci ildə Azərbaycanın Lənkəran bölgəsinə gətirilərək orada əkilib və ilk dəfə olaraq çay zavodu 1937-ci ildə Lənkəranda tikilib. Bundan sonra Azərbaycanda çayın kütləvi şəkildə istehsalına başlanılıb.

 

Hazırda  əsasən ölkənin Cənub rayonlarında  -Lənkəran, Astara, Masallı, eləcə də Zaqatalada yetişdirilir.

 

Azərbaycanda 1970-1980-ci illərdə 36 min hektar sahədə çay əkilib-becərilib və 34 min tondan çox çay istehsal edilib. Həmin vaxt 15 zavod tikilib istifadəyə verilib. Azərbaycanda yerli çayın istehsalı 1980-ci illərin ortalarında maksimuma çatıb. Həmin vaxt bu göstərici 8,6 min ton, çay kolluqları sahələri isə 13,4 min hektar olub. 300 milyon əhalisi olan SSRİ-nin çaya təlabatının 8-10 faizi Azərbaycan çayı hesabına ödənilib. O dövrdə Azərbaycanın Cənub bölgəsində çay emalı ilə məşğul olan 10-dan çox fabrik var idi. Eyni zamanda Bakıda və Lənkəranda çayı qablaşdıran iki nəhəng fabrik fəaliyyət göstərir, bu müəssisələrdə minlərlə işçi çalışırdı.

 

Azərbaycan çayı bu gün

 

Çayçılıq Azərbaycanın kənd təsərrüfatında çəkisini itirsə də, son illər dirçəldilməsi istiqamətində işlər görülür. Sovet dövrü ilə müqayisədə çay plantasiyaları 20 dəfəyədək azalaraq təxminən 2000 hektarı əhatə edir.

 

Azərbaycanda hər il 15 min tona yaxın çay içilir. Bunun cəmi 5 faizi ölkədə istehsal olunur.

 

Statistika

 

Dövlət Statistika Komitəsinin (DSK) məlumatına görə, 2017-ci ildə ölkəyə 13.585,44 ton çay (aromatik dad əlavələri və ya onlarsız) idxal olunub. Bunun üçün 53.984,09 min ABŞ dolları xərclənib. (2016-cı ildə ölkəyə 44.730,51 min dollarlıq -12.609,27 ton çay idxal olunub.)

 

2017-ci ildə Azərbaycandan 1.734,96 ton çay ixrac edilib (10.232,65 min ABŞ dolları). 2016-cı ildə 1.137,7 ton çay ixracından gəlir 6.178,82 min ABŞ dolları olub.

 

Maraqlı faktlar

 

“Euromonitor International” şırkəti dünyada çaya ən çox meyilli ölkələri müəyyənləşdirib. Medpress.az “Vokrug sveta” jurnalına istinadən xəbər verir ki, dünyada çay ən çox Özbəkistanda sevilir. Bu ölkənin sakinlərinin 99,6 %-i hər gün çay içir.

 

Reytinqdə Özbəkistandan sonra Keniya, Azərbaycan, Pakistan, Çin, Misir, Qazaxıstan, Nigeriya və Hindistan gəlir.

 

Böyük Britaniya reytinqin 15-ci pilləsində qərarlaşıb- bu ölkədə yaşayanların 78,4%-nin çaya sevgisi var.

 

(Visited 90 times, 1 visits today)

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir