İnsanlarda olan qurd xəstəlikləri

İnsan orqanizminə daxil olaraq orada yaşayan çoxsaylı parazit növləri mövcuddur. Qurd xəstəliyi istər böyüklərdə, istərsə də uşaqlarda rast gəlinən problemdir. Uşaqlar əsasən 3-12 yaşlarında bu xəstəliyə yoluxurlar.

 

Qurd xəstəliklərinə yoluxma yolları. Əsasən ağız yolu ilə yoluxan bu xəstəlikdə əllərin gigiyenası, dırnaqların təmizliyi, meyvə-tərəvəzin yuyulduqdan sonra qəbul edilməsi çox diqqət tələb edən nüanslardır. Uşaqların orqanizmində eyni zamanda, bir neçə növ helmintlər (qurdlar) parazitlik edə bilir.

 

Qurd xəstəliklərinin əlamətləri. Bu parazitlər uşaqların immunitetinin zəifləməsinə (uşaq demək olar ki, xəstəlikdən çıxmır, virus infeksiyalarına tez-tez yoluxur, badamcıqları böyüyür), allergiyalara (uşaqda naməlum səbəbdən dəridə müxtəlif tipli allergik səpkilər müşahidə olunur), mədə-bağırsaq pozğunluqlarına (uşaqda qarın nahiyəsində sancıların olması, ishal, qəbizlik, ürəkbulanma, ağızdan xoşagəlməz qoxu, iştahasızlıq, bəzi hallarda isə iştahanın artması da müşahidə olunur) və sinir sistemi pozğunluqlarına (orqanizmə qurdların daxil olması zamanı sinir sistemi tərəfindən dəyişikliklər baş verir: uşaq əsəbi, ağlağan və qıcıqlı olur, məktəbdə davamiyyəti pozulur, yuxu pozğunluğu, baş ağrıları qeyd olunur) səbəb olur.

 

Qurd xəstəliklərinin fəsadları. Praktiki olaraq bütün orqan və toxumaları zədələyən bu parazitlər uşaq orqanizminin fiziki və əqli inkişafını da ləngidir. Qurd xəstəliyi düzgün müalicə olunmadıqda xroniki hala keçir. Orqanizmdə olan yumurtalar təmizlənmədikdə onlar yenidən aktivləşir və qurd çoxala bilir.

Qurd xəstəliklərinin fərqli əlamətləri.Orqanizmdə çoxalan qurdların nematodozlar, enterobioz, askaridoz adlanan növləri var ki, bunların da hər birinin özünəməxsus əlamətləri var. Enterebiozlar gecə vaxtı anus nahiyəsində qaşınma ilə müşahidə olunur. Enterobioz adlanan qurd immun sistemini kəskin şəkildə zədələdiyi üçün təhlükəli hesab edilir. Bizquyruqlar bağırsaq və sidik kanalı iltihabını törədə bilirlər. Hətta appendiks çıxıntısına daxil olmaqla onlar appendisitə də səbəb ola bilərlər. Bəzi hallarda anus ətrafındakı qaşınma o qədər güclü olur ki, uşaq axşamlar çox pis yatır, tez-tez hirsli və qıcıqlanmış ayılır. Bu zaman uşaqlar ürəkbulanmadan şikayət edir, onların iştahaları azalır, baş ağrısı və qarın nahiyəsində ağrılar qeyd olunur.

 

(Visited 172 times, 1 visits today)

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir