Elə qidalar var ki, onları birgə qəbul etmək problemlər yaradır. Eləcə də bəzi qida məhsuallarının hazırlanması, saxlanması, qablaşdırılması zamanı yol verilən yanlışlar səhhətimizə mənfi təsir edir. Yemək çeşidinin müxtəlif olması, eyni vaxtda rəngarəng qidaların qəbulu ən azı mədə-bağırsaq pozulmaları, köp, qəbizlik yaradır.
Medpress.az bununla bağlı həkim-fitoterapevt Fizuli Hüseynovun məqaləsini təqdim edir:
Bəzən yeməkdən sonra ürək bulanmalar, zəhərlənmələr ola bilər, bunları bilməklə ən azı ağır fəsadlardan həm özümüzü, həm də ətrafımızı qoruya bilərik.
Qatıqla birlikdə balıq yemək olmaz. Bunları birlikdə yemək ağır xəstəliyə səbəb ola bilər.
Yemişlə birlikdə bal yemək çox ağır zəhərlənməyə səbəb ola bilər.
Çiriş göyərtiyə bənzər qovrularaq yeyilən bir göyərtidir. Qovurmazdan əvvəl 10 dəqiqə qaynadıb sonra qovurmaq lazımdır. Qaynadılmayanda güclü ürək bulanma və qusmaya səbəb ola bilir.
Qatıqla sirkə birlikdə yeməklərə istifadə olunanda zəhərlənmə yaratması mümkündür.
Südlə təzə pendir, südlə balıq, südlə qatıq da birlikdə yeyiləndə mədə-bağırsaq pozulmaları yaradır.
Satışda sarı rəngdə, yağlı göbələklər olur, dadlı da olsa, qaynatmadan qovrulması zəhərlənmə yarada bilər.
Üzəri gümüşü, falqaya bükülmüş və bişirilmiş əti qətiyyən yeməyin. Müəyyən edilmişdir ki, bu, çox güclü bir kanserogendir, yəni xərçəng əmələ gəlməsinə səbəb olur.
Təndirdən təzə çıxmış toyuq ətini qətiyyən bükmək olmaz, əl yandırmayan hala gəldikdən sonra bükmək olar.
Süd, ayran və bananın birlikdə yeyilməsi mədə-bağırsaq pozulmasına səbəb ola bilər.
Ümumiyyətlə, çalışmaq lazımdır ki, yemək bir çeşiddən ibarət olsun, yemək çeşidləri artdıqca problemlər də artacaqdır. Keçmişdə daha çox yeyilən bozbaşın suyu əvvəlcə, ət, noxudu isə sonra yeyilirdi. Bu, sağlıqlı qidalanmadır.
İndi isə məsələn, əvvəl mərci supu, sonra başqa yeməklər qəbul etmək düzgün qidalanma deyildir. (e-tibb)