Milli Məclisin noyabrın 30-da keçirilən iclasında İnzibati Xətalar Məcəlləsinə dəyişiklik layihəsi müzakirə olunub. Medpress.az bildirir ki, dəyişiklikdə Azərbaycanda dərman vasitələrinin topdan satışına dair tələblərin pozulmasına görə cəzalar müəyyənləşib.
Məcəllənin 221-ci (Dərman vasitələri haqqında qanunvericiliyin pozulması) maddəsinə 10 və 11-ci bəndlər əlavə olunur. Əlavəyə əsasən, dərman vasitələrinin istehsalına, daşınmasına və saxlanmasına, eləcə də topdan satışına dair tələblərin pozulmasına görə vəzifəli şəxslər 1 500 manatdan 2 500 manatadək, hüquqi şəxslər 5 min manatdan 7 min manatadək cərimə ediləcəklər.
Bu xətanı inzibati tənbeh verilən şəxs inzibati tənbehvermə haqqında qərar qüvvəyə mindiyi gündən 1 il ərzində təkrar törətdikdə – vəzifəli
şəxslər 2 500 manatdan 4 500 manatadək, hüquqi şəxslər 6 min manatdan 8 min manatadək cərimə ediləcəklər. İnzibati Xətalar Məcəlləsinin 452-ci (Fiziki şəxslərə dərman vasitələrinin buraxılması qaydalarının pozulması) maddəsində nəzərdə tutulan cəzalar həm də aptek təşkilatlarına dair tələblərin pozulmasına da aid ediləcək.
Maddəyə əlavə edilən bəndlərə əsasən, aptek təşkilatlarına dair tələblərin pozulmasına görə vəzifəli şəxslər 500 manatdan 700 manatadək, hüquqi şəxslər min manatdan 2 min manatadək cərimə olunacaqlar. Bu xətanı inzibati tənbeh verilən şəxs inzibati tənbehvermə haqqında qərar qüvvəyə mindiyi gündən 1 il ərzində təkrar törətdikdə – vəzifəli şəxslər 1 500 manatdan 2 500 manatadək məbləğdə, hüquqi şəxslər 5 000 manatdan 7 000 manatadək cərimə ediləcəklər. Layihə qəbul olunub.