Dəm qazından zəhərlənmə zamanı ilk yardım

Soyuq havalı günlərdə təbii qaza olan tələbatının artması nəticəsində dəm qazı ilə zəhərlənmə halları da artır. Təəssüf ki, həmin halla üzləşənlər bəzən nə etmək lazım gəldiyini bilmirlər.

 

Medpress.az AZƏRTAC-a istinadla bildirir ki, Bakı şəhər Kliniki Tibbi Mərkəzin toksikologiya şöbəsinin baş həkimi Azər Maqsudovdan həmin halın yaranması zamanı nə etmək lazım gəldiyini açıqlayıb.

 

Toksikoloqun sözlərinə görə, dəm qazı ilə zəhərlənmələrin əksəriyyəti hamam otağında və qapalı məkanlarda baş verir: “Ona görə də ilk növbədə qaz cihazı olan yerlərdə diqqətli olmaq və qaydalara riayət etmək ən vacib şərtlərdən biridir. Belə vəziyyətlə üzləşəndə zərərçəkənin huşu özündə deyilsə, dərhal onu qapalı mühitdən çıxarmaq, arxası üstə uzadıb yaxasını açmaq, mümkünsə nəfəs yollarını açmaq üçün ağız boşluğundakı seliyi təmizləmək, başına və sinəsinə soyuq islatma qoymaq, burnuna naşatır spirtində isladılmış pambıq yaxınlaşdırmaq, zərərçəkənin tənəffüsü dayanıbsa, ona mütləq süni nəfəs vermək və mütləq təcili tibbi yardıma xəbər etmək lazımdır”.

 

Əgər dəm qazından zəhərlənmiş xəstənin huşu özündədirsə, onu təmiz havaya çıxarmaq vacibdir: “Zəhərlənmə nəticəsində bədən temperaturu düşdüyü üçün xəstənin üstünü örtmək, ona isti içki vermək, sonra mütləq tibb mütəxəssisinə müraciət edilməlidir. Huşu özündə olmayanları isə dərhal qapalı mühitdən çıxardıqdan sonra nəfəs yollarını açmaq üçün ağız boşluğundakı seliyi təmizləmək və mütləq təcili tibbi yardıma xəbər etmək lazımdır”.

 

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir