Yeni növ koronavirusa qarşı peyvəndin tapılması xəstəliklə mübarizənin sona çatması deyil. Hədəf insanların 60-70 faizində xəstəliyə qarşı immunitetin yarandığını görməkdir ki, bu da ən az altı ay vaxt tələb edən prosesdir. Peyvəndin xərçəng və bu kimi bir sıra xəstəlikləri olanlar və uşaqlar üçün nə qədər etibarlı olduğunu öyrənmək üçün də vaxt lazımdır. Bu istiqamətdə klinik işlər davam etdiriləcək.
AZƏRTAC -a istinad edən Medpress.az xəbər verir ki, bu barədə Türkiyənin tanınmış elm adamlarından biri, koronavirusa qarşı peyvəndin hazırlanmasında yaxından iştirak edən Almaniyanın “BioNTech” şirkətinin qurucularından olan Özlem Türeci bildirib.
Təmsil etdiyi şirkət tərəfindən hazırlanan “Pfizer-Biontech” peyvəndinin hələ ki, iki ölkə tərəfindən tanındığını deyən alim bu peyvəndin yanvar ayından etibarən ictimaiyyətə təqdim ediləcəyini bildirib.
Hazırkı hədəflərinin xərçənglə mübarizə olduğunu deyən Ö.Türeci rəhbərlərindən olduğu şirkət tərəfindən xərçəngə qarşı iki peyvəndin hazırlandığını da deyib. Qeyd edilib ki, bu peyvəndlərin əsas məqsədi insanın immun sisteminin bədəndə xərçəng səbəbindən meydana gələn şiş və bunun kimi digər fəsadlarla mübarizə aparmağa hazırlamaqdır.