Çinin “Sinovac” peyvəndi nə qədər effektivdir?

“Hələ aprel ayında Çin peyvəndinin daha tez istehsal və tətbiq olunacağı məlum idi. Həmin peyvəndin həqiqətən də effektiv olacağı və pandemiyanın mərhələlərinin birində insanları xilas edə biləcəyi ilə bağlı müsahibələrimdə bildirmişdim. Bu peyvənd üzərində tədqiqatlar aparılıb, uğurla sınaqdan keçirilib və müxtəlif ölkələrdə tətbiqinə başlanılıb. Bu gün “Sinovac”ın effektivliyi barədə elmi ədəbiyyata son tədqiqatlar daxil edilməsə də, media vasitəsilə onun qoruyuculuq faizi geniş şəkildə ictimaiyyətə çatdırılıb”.

 

Medpress.az xəbər verir ki,  bunu “Report”a açıqlamasında Almaniya-Azərbaycan Radioloji və Neyroradioloji Cəmiyyətinin sədri, Köln Universiteti Klinikasının tibb elmləri doktoru, azərbaycanlı alim Nuran Abdullayev deyib.

 

Onun sözlərinə görə, “Sinovac” peyvəndinin Braziliyada tətbiqindən sonra effektivliyinin 50-90 faiz arası, sonradan isə Türkiyədə aparılan tədqiqat zamanı 91,25 faiz olduğu müəyyən edilib.

 

Ötən gün isə eyni üsulla hazırlanan “Sinopharm” peyvəndin rəsmi şəkildə Çində istifadəsinə icazə verildi və orada effektivliyin təxminən 79 faiz olduğu bildirildi:

 

“Bu peyvəndlərin hazırlanma və ölkələrə çatdırılma üsulu Avropa və Amerikada hazırlanmış gen texnologiyasına əsaslanan peyvəndlərdən daha asan və tez başa gəlir. Bu peyvənd inaktiv, yəni ölmüş viruslardan hazırlanır və bu cür digər xəstəliklərə qarşı olan peyvəndlər bir çox ölkələrdə, eləcə də Azərbaycanda da mövcuddur. Amma gen texnologiyası ilə hazırlanan peyvəndlərin xüsusi daşınma və saxlanma şəraitinin tələb olunmasına görə istehsalçılar o peyvəndi bir çox ölkələrə sata bilməyəcəklər. Eyni zamanda “Sinovac”ın bu gün hazır olması və ölkələrə çatdırılması digər istehsal olunacaq peyvəndlərin satışına mənfi təsir göstərəcək. Çünki digər peyvəndlərin istehsaldan sonra saxlanılması və ölkələrə çatdırılması proseduru uzun çəkə bilər. Ona görə də düşünürəm ki, Azərbaycanın digər peyvəndləri gözləməyib effektivliyi məlum olan peyvəndin tətbiqinə qərar verməsi təqdirəlayiqdir”.

 

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir