Bir udum qəlyan çəkmək üç qutu siqaretdən təhlükəlidir – XƏBƏRDARLIQ

Ötən ilin axırlarında qəbul edilən “Tütün məmulatlarının istifadəsinin məhdudlaşdırılması haqqında” qanun əhalinin sağlamlığına göstərilən dövlət qayğısının ifadəsidir.

 

Medpress.az AZƏRTAC-a istinadla bildirir ki, tütünçəkmənin orqanizmə vurduğu ziyan, ölkəmizdə siqaretdən istifadə ilə əlaqədar mövcud vəziyyət və bu sahədə qarşıda duran vəzifələr barədə Səhiyyə Nazirliyinin İctimai Səhiyyə və İslahatlar Mərkəzinin şöbə müdiri Şəhla Mirzəzadə açıqlama verib:

 

– Ümumdünya Səhiyyə Təşkilatının məlumatına görə, tütünçəkmə ölümə səbəb olan səkkiz əsas xəstəlikdən altısı üçün risk faktorudur. Tütünçəkənlərin 90 faizində əsasən ağciyərin xərçəngi xəstəliyi müşahidə olunur və bu vərdiş onların ömrünün 10-15 il qısalmasına səbəb olur. Təəssüf ki, dünyada bu zərərli vərdişə aludə olanların sayı ildən-ilə artır. Tütün çəkmək yalnız insanın öz sağlamlığı üçün deyil, ətrafındakılar üçün də təhlükə yaradır. Statistikaya görə, dünyada hər iki uşaqdan biri tütün tüstüsü ilə çirklənmiş hava ilə nəfəs alır, bu isə artıq erkən yaşlardan uşaqların ciddi sağlamlıq problemləri ilə üzləşməsinə səbəb olur. 

 

Dövlət Statistika Komitəsinin verdiyi məlumata görə, ölkəmizdə 15 yaşından yuxarı kişilər arasında tütünçəkmə 33 faiz təşkil edir. İctimai Səhiyyə və İslahatlar Mərkəzinin apardığı araşdırmaya əsasən, məktəblilərin 42 faizinin valideynlərindən biri tütündən istifadə edir. Müsbət cəhət ondan ibarətdir ki, ölkəmizdə qadınlar arasında tütünçəkmə kişilərlə müqayisədə daha azdır. Lakin buna baxmayaraq, passiv tütünçəkmə sahəsindəki vəziyyət ciddi narahatlıq doğurur. Tütündən istifadə edənlərin artması həm də qeyri-infeksion xəstəliklərə yoluxanların sayının artması deməkdir”.

 

Şəhla Mirzəzadənin sözlərinə görə, zərərli vərdişdən uzaqlaşmaq istəyənlərin motivasiyası bu sahədə ön sırada dayanır. Çalışdığı mərkəzdə pilot layihə kimi tütündən imtina üzrə tibbi məsləhət kabinəsinin fəaliyyəti barədə danışan şöbə müdiri deyib: “Siqaretdən imtina etmək istəyənlər həmin kabinetə üz tuturdular və saytda onlar üçün tütün kalkulyatoru yaradılmışdı. Müraciət edənlər gün ərzində istifadə etdikləri siqaretin sayı və ona həftə, ay və il ərzində sərf etdikləri vəsaiti hesablayanda çox böyük təəssüf hissi keçirirdilər.

 

İctimai tibbi maarifləndirmə işinə bir qədər ehtiyatlı, diqqətli və düzgün yanaşmaq tələb olunur, çünki maarifləndirmə apararkən onlarda maraq oyatmamaq və tütünün orqanizm üçün zərərli təsirləri barədə məlumat vermək lazımdır. Məqsəd tütündən istifadə edənləri ondan imtinaya, istifadə etməyənləri isə sağlam həyat tərzini davam etdirməyə təşviq etməkdən ibarətdir. Şübhəsiz ki, tütünçəkən valideyn heç vaxt övladının bu sahədə onun davamçısı olmasını istəmir. Xüsusən kiçik yaşlı uşaqlarda sağlam həyat vərdişi formalaşdırmaq lazımdır”.

 

Onun fikrincə, elektron siqaret və qəlyan orqanizmi zəhərləyən və zədələyən digər bir tütün məhsuludur: “Qəlyandan istifadə edilməsi də tütündən istifadə qədər təhlükəli prosesdir. Bir udum qəlyan çəkmək üç qutu siqaretin tərkibində olan qədər nikotinin orqanizmə daxil olması deməkdir və belə olanda birdən-birə güclü doza orqanizmi zədələyir. Qəlyandan istifadə edilməsi zamanı gigiyenik qaydalara əməl edilmədiyindən infeksiyaların yayılmasına da səbəb olur. Özləri üçün sakitlik yaratmaq istəyənlər bunun əvəzində daha böyük problemlə üzləşirlər. Yəni istənilən növ siqaret orqanizmə zərərli və ziyanlı təsir göstərir”.

 

Nikotindən tam azad olmağın mümkünlüyü barədə danışan şöbə müdiri deyib: “Bəzən tütündən imtinanın guya orqanizmdə hansısa problemlər yarada biləcəyini düşünürlər. Bu, tamamilə yanlış və düzgün olmayan yanaşmadır. Məsələ burasındadır ki, uzun müddət siqaret çəkənlərin ağciyərlərində daha çox qətran toplanır. Üstəlik tütündən istifadə edənlərdə həm psixi, həm də fiziki asılılıq formalaşır. Ona görə də ona aludə olanlara mütəxəssis məsləhəti göstərmək üçün tütündən imtina kabinetlərin yaradılmasının ilkin səhiyyə xidmətləri sırasına daxil edilməsi yaxşı olardı. Tütündən imtina zamanı söhbət dərman müalicəsində və nikotinəvəzedici terapiyadan getmirsə, onlar üçün ya birbaşa, ya da tədricən azaldaraq imtina üsulu var. Birbaşa imtina üsulu zamanı uğur göstəricisi 80 faizdir. Lakin bu sahədə ən əhəmiyyətli addım ondan imtinaya qərar verməkdir. Qərar verəndən sonra üç gün və bir həftə bir qədər çətin olması mümkündür, çünki orqanizm illər boyu öyrəşdiyi, adət etdiyi bir şəraitdən başqa şəraitə düşür və özünü nikotindən azad etmək uğrunda mübarizə aparır. Təxminən bir həftə sonra o, özündə nəzərəçarpacaq fiziki keyfiyyətlər aşkar edir. İlkin mərhələdə başağrısı və əsəbilik müşahidə edilməsi isə absistensiya halıdır. Müəyyən müddətdən sonra orqanizmdə uyğunlaşma gedir və 20 dəqiqə ərzində orqanizmdə qan dövranı normalaşmağa başlayır. Bir il sonra orqanizm nikotindən təmizlənmiş olur. On beş il sonra infarkt keçirmə ehtimalı sağlamlığı normal olanlarla bərabər olur. Nəticədə cəmiyyət tütündən imtina etmiş və artıq sağlam həyat tərzi seçən normal bir fərd qazanır. Belə nümunənin olması sağlamlıq üçün çox ciddi təhlükə olan bu ziyanlı vərdişdən imtina etmək istəyən digər nikotin aludəçilərinin də sağlam həyat tərzini seçməsində motivasiyaedici örnək rolu oynayır”.

 

(Visited 92 times, 1 visits today)

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir