Bakıda təhlükəli qida məhsulları aşkarlandı – REYD

Daxili İşlər Nazirliyinin (DİN) Nəqliyyatda Baş Polis İdarəsinin Su Nəqliyyatında Polis İdarəsinin əməkdaşları ölkə ərazisində ərzaq təhlükəsizliyinin təmin edilməsi, insan orqanizminə ciddi zərər vuran, yararsız qida məhsullarının satışının qarşısının alınması istiqamətində növbəti uğurlu əməliyyat tədbiri keçilib.

 

Medpress.az DİN-in Mətbuat Xidmətinə istinadla bildirir ki, idarənin əməkdaşları balıq, müxtəlif növ quş, eləcə də digər ət məhsullarını antisanitar şəraitdə hisə verərək bişirməkdə və satmaqda şübhəli bilinən Bakı şəhər sakini Vüqar Səmədovu saxlayıb. Onun idarə etdiyi “Opel” markalı avtomobilin yük yerinə baxış zamanı hisə verilmiş 8 ədəd kütüm8 ədəd çəki balığı, 4 ədəd dovşan, 4 ədəd toyuq və 4 ədəd ev ördəyi aşkar olunub.

 

Araşdırma zamanı V.Səmədovun bu məhsulları Xəzər rayonunun Buzovna qəsəbəsində yaşayan paytaxt sakini Rövşən Zaidlinin həyətində fəaliyyət göstərən qanunsuz obyektdə onunla birgə hazırladığı müəyyən edilib. Əməliyyat tədbirlərinin davamı olaraq idarə əməkdaşları həmin obyektə baxış keçirib. Oradan bu məhsulları hazırlamaq üçün istifadə olunan, kustar üsulla düzəldilmiş soba, gigiyenik normalara əməl etmədən bişirilən hisə verilmiş hazır məhsullar və iş üçün əhəmiyyət kəsb edən digər maddi sübutlar aşkar edilərək götürülüb.

 

Qeyd edək ki, hisə verilmiş məhsulları hazırlamaq üçün istifadə olunan soba köhnə təkər qırıntılarının yanması nəticəsində işə salınır. Yanma prosesi zamanı əmələ gələn kimyəvi tüstü həmin məhsullarda müxtəlif bakteriyaların yaranmasını daha da sürətləndirir.

 

Aşkar edilən məhsullardan götürülən nümunələr ekspertizaya göndərilib. Ekspertiza nəticəsində müəyyən edilib ki, qeyd edilən məhsullar istifadəyə yararsızdır, eləcə də insan orqanizmində ağır qida toksiki infeksiyası qrupuna aid olan botulizm xəstəliyinin yaranmasına səbəb ola bilər. Qeyd edilən faktla bağlı Su Nəqliyyatında Polis İdarəsində araşdırmalar davam etdirilir.

 

DİN hisə verilmiş məhsulları antisanitar şəraitdə, müvafiq dövlət qurumlarından icazə almadan hazırlayan və satışını həyata keçirən şəxslərdən bu qanunusuz fəaliyyətlərinə son qoymağı tələb edir. Paytaxt, eləcə də regionlarda bu tipli qanunsuz sexlərin aşkar olunması istiqamətində polis əməkdaşları tərəfindən mütəmadi olaraq qətiyyətli tədbirlər bundan sonra da davam etdiriləcək.

(Visited 59 times, 1 visits today)

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir