Bakıda saxta spirtli içki və yuyucu toz hazırlayan sexlər aşkarlandı

Vergilər Nazirliyi yanında Vergi Cinayətlərinin İbtidai Araşdırılması Departamentinə daxil olan əməliyyat məlumatı əsasında, vergi əməkdaşları Bakı şəhəri, Xətai rayonu, Rahib Məmmədov küçəsində yerləşən “Mini market”də və Gəncə prospektində yerləşən “Şərab evi mağazası”nda həyata keçirilən operativ vergi nəzarəti tədbirləri zamanı bu mağazalardan külli miqdarda qanunsuz istehsal edilib və saxta aksiz markaları ilə markalanan alkoqollu içkilər aşkar ediblər.

 

Medpress.az-a nazirliyin mətbuat xidmətindən verilən məlumata görə, müəyyən edilib ki, həmin ünvanda yerləşən fərdi yaşayış evlərindən birində Şahin  Əliyevin rəhbərliyi altında spirt məhsulları kustar üsulla bahalı içkilərə aid şüşə qablara doldurulur. Məhkəmə qərarı əsasında fərdi yaşayış evində aparılan axtarış zamanı Rusiya və yerli istehsal adlı 1059 ədəd saxta aksiz markası, 286 ədəd hazır alkoqollu içki, 52 qutu boş şüşə, 15 qutu qapaq, 5 qutu tıxac, 1 qutu və 2 bağlama etiket aşkar edilib. Bundan başqa, bir neçə qutu saç rəngləyiciləri də aşkar edilib və hazırda həmin kimyəvi qatqıların alkoqol məhsullarının istehsalında istifadə edilib-edilməməsi araşdırılır.

 

Beləliklə, aparılan tədbir zamanı qanunsuz gəlir əldə etmək məqsədilə istehlakçıların kütləvi şəkildə aldadılması, insan orqanizmi üçün təhlükə yarada biləcək saxta məhsulların hazırlanması, aksiz markalarının saxtalaşdırılması hallarına yol verilməsi müəyyən edilib. Aşkarlanan faktlar üzrə cinayət işi qaldırılıb, Şahin Əliyev barəsində həbs qətimkan tədbiri seçilib.

 

Bundan başqa, nazirlik Bakı şəhəri, Xəzər rayonu, Binə qəsəbəsi, Vaqif  Mirzəyev küçəsi, ev 53 ünvanda yerləşən həyət evində bir sıra brend markalara məxsus yuyucu və təmizləyici vasitələrin saxta üsulla hazırlanması ilə əlaqədar Baş Prokurorluqdan daxil olan müraciət əsasında araşdırma aparıb.

 

Xəzər rayon Məhkəməsinin qərarı əsasında nazirlik yanında Vergi Cinayətlərinin İbtidai Araşdırılması Departamentinin əməkdaşları həmin ünvanda yerləşən Əlövsət Həmidova məxsus həyət evində keçirilən nəzarət tədbiri zamanı bir sıra brend markalara, o cümlədən “Ariel”, “Vernel”, “Calgon” və “Domestos” adlı markalara məxsus yuyucu və təmizləyici vasitələrin saxta üsulla hazırlanaraq satışa hazırlandığı müəyyən ediblər. Əlövsət Həmidov qonşu ölkələrdən ucuz yuyucu vasitələri alaraq onları texniki duzla qarışdırıb brend markalı yuyucu vasitələrin qutularına doldurularaq hazırladığını və müxtəlif obyektlərə, o cümlədən “Sədərək” ticarət mərkəzində fəaliyyət göstərən satış obyektlərinə təqdim etdiyini etiraf edib. Bundan başqa, baxış zamanı məhsulların hazırlanması məqsədilə istifadə edilməyən boş qutular və etiketlər aşkar edilib.

 

Saxta məhsulların hazırlanmasında Əlövsət Həmidovdan başqa daha 4 nəfərin əmək müqaviləsi olmadan bu işlərin yerinə yetirilməsinə cəlb edildiyi müəyyən olunub. Bu faktlarla əlaqədar araşdırma aparılır.

 

Beləliklə, aparılan nəzarət tədbirləri zamanı hər iki halda yerli və xarici istehsalçıların məhsullarını saxtalaşdırmaqla onların intellektual mülkiyyət hüquqlarına və işgüzar nufuzuna zərər vurulması və vergidən yayınma halları müəyyən edilib.

 

 

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir