Bakıda otorinolarinqologiya üzrə beynəlxalq konqres başlayıb

Dekabrın 8-də Azərbaycan Tibb Universitetində (ATU) Azərbaycan Xalq Cümhuriyyətinin 100 illiyinə həsr olunan otorinolarinqologiya üzrə beynəlxalq elmi-praktik konqres başlayıb.

 

Medpress.az xəbər verir ki, açılış mərasimində çıxış edən ATU rektoru, professor Gəray Gəraybəyli bu tarixin universitetin həyatında önəmli gün olduğunu deyib: “ATU-da indiyədək təbabətin müxtəlif sahələrinə həsr olunmuş tədbirlər keçirilib. Lakin bu konqres universitetin otorinolarinqologiya kafedrasının tarixində bir ilkdir. Fəaliyyət müddəti ərzində kafedra şərəfli yol keçib. Bugünkü konqresdə respublikanın müxtəlif bölgələrindən olan həkimlərlə yanaşı, bir neçə xarici ölkədən – Türkiyə, Rusiya, Almaniya, Tacikistan, Özbəkistan, Gürcüstandan olan mütəxəssislər də iştirak edirlər. Konqresin keçirilməsində əsas məqsəd bu sahədə tətbiq olunan ən son yenilikləri müzakirə etmək və otorinolarinqologiyanın inkişafına töhfə verməkdir”.

 

Rektor konqresin işinə uğurlar arzulayıb. Sonra ATU-nun otorinolarinqologiya kafedrasının müdiri, professor Vəfa Pənahian kafedranın tarixi barədə iştirakçılara geniş məlumat verib.

 

Konqresdə çıxış edən Səhiyyə Nazirliyinin baş otorinolarinqoloqu, professor Nazim Hüseynov, İstanbul Mədəniyyət Universitetinin qulaq, burun, boğaz cərrahiyyəsi kafedrasının professoru Mahmud Təyyar Kalcıoğlu, Rusiya Federal Otorinolarinqologiya Elmi-Klinik Mərkəzinin direktoru, professor Nikolay Dayxes tədbirin təşkilinə görə ATU-ya minnətdarlıqlarını bildirib, qarşılıqlı təcrübə mübadiləsinin bu sahənin inkişafına, yeni diaqnostika və müalicə metodlarının öyrənilməsinə töhfə verəcəyinə əminliklərini ifadə ediblər.

 

Sonra Konqresdə bədii hissə nümayiş olunub. Rəsmi hissənin sonunda ATU-nun himni səsləndirilib. Tədbir müxtəlif mövzular ətrafında müzakirə və məruzələrlə davam edib.

 

Konqresə dekabrın 9-da yekun vurulacaq.

 

Qeyd edək ki, Konqres Səhiyyə Nazirliyi tərəfindən akkreditasiya olunaraq 16 davamlı tibbi təhsil balı ilə qiymətləndirilir.

(Visited 56 times, 1 visits today)

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir