Azərbaycanda xəstələrin ən çox ehtiyacı olan orqan böyrəkdir. Bundan başqa, qara ciyər, sümük iliyi, gözün buynuz qişasının köçürülməsinə də böyük ehtiyac var. Həmin orqanların transplantasiyası artıq ölkəmizin müxtəlif səhiyyə müəssisələrində həyata keçirilib.
Medpress.az bildirir ki, bunu Azərbaycan Tibb Universitetinin I cərrahiyyə xəstəlikləri kafedrasının müdiri, transplantoloq, professor Nuru Bayramov jurnalistlərə açıqlamasında deyib.
Professor bildirib ki, orqana ehtiyacı olan xəstələrin sayı çoxdur. Lakin orqan çatışmazlığı var: “Problemin həlli üçün iki mənbədən orqan götürülə bilir: meyitdən və sağlam insanlardan. Dünya alimləri alternativ yollar axtarırlar. Onlardan biri genetikası dəyişdirilmiş heyvanlardan orqan nəqli, digəri isə süni orqanların yaradılmasından ibarətdir. Bu sahədə hələ uğurlu nəticələr əldə edilməyib. Tədqiqatlar davam edir. Ümid edirik ki, yaxın bir neçə ildə bu məsələ öz həllini tapacaq. Onu da qeyd edim ki, gələcəkdə orqan marketlərinin olacağı, insanların özlərinə lazım olan orqanları rahatlıqla əldə edə biləcəyi gözlənilir”.
Nuru Bayramovun sözlərinə görə, Azərbaycan Tibb Universitetinin I cərrahiyyə xəstəlikləri kafedrası universitetdə ilk dəfə böyrək transplantasiyasını həyata keçirib: “Ümumilikdə isə kafedranın əməkdaşları bu günədək yeddi böyrək köçürüblər. Məqsədimiz yaxın gələcəkdə Azərbaycan Tibb Universitetinin Tədris Cərrahiyyə Klinikasında qaraciyər transplantasiyasının həyata keçirilməsinə nail olmaqdır”, – kafedra müdiri əlavə edib.