Qripə yoluxma zamanı nələri etmək lazımdır? – MƏSLƏHƏT

Əziz dostlar, qrip xəstəliyi ilə bağlı jurnalistlər mənə tez-tez müraciət edirlər. Verilən müsahibələrdə çox vaxt yetkin məlumat olmur, tibbi kontekst təhrif edilir və s. Ona görə də qrip haqda həm insanlarımız üçün ümumi məlumat olaraq, həm də jurnalistlərin istifadəsi üçün aşağıdakı mətni yazmağı zəruri hesab etdim.

 

Hər bir virus həyatın qeyri-hüceyrəvi formasıdır, bir nukleotid zənciridir və canlı orqanizmə düşərək onun resursları hesabına yaşayır, çoxalır.

 

Ayrı-ayrı viruslar selektiv olaraq konkret hüceyrələrdə və ya bütün orqanizmin toxumalarında lövbər salaraq uzun müddət yaşayır və onları sıradan çıxarır (məsələn hepatit virusları – B,C,D,E və s.), bəziləri orqanizmda yaşayır və mütəmadi olaraq baş qaldırır (Herpes, sitomeqalovirus və s.) və ya iltihabi-infeksion proses yaradaraq bir müddətdən sonra məhv olub gedir (qrip virusları).

 

Qrip fransızca grippe sözündən götürülüb tənəffüs yollarının iltihabı ilə müşayiət edilən kəskin infeksion prosesdir.

 

Qrip xəstəliyi haqda ilk yazılı mənbələr ~ 2400 il əvvəl Hippokratın qeydlərinə aididir. Xəstəlik Xristofor Kolumbun Amerikaya gəlişi ilə bağlı 1493-cü ildə Avropadan Amerikaya yayılıb. Bu zaman Antil adalarının demək olar ki, bütün əhalisi qrip infeksiyasından həlak olub.

 

Qrip virusuna insanlar və heyvanlar (o cümlədən quşlar) yoluxur. Qrip mövsümi epidemiya sayılır və epidemiya və pandemiya törətmək xarakterinə görə Ümumdünya Səhiyyə Təşkilatı tərəfindən karantin infeksiyaları qrupuna daxil edilib (təbii çiçək, taun, vəba və sarı qızdırma infeksiyaları ilə birgə). Təbii çiçək uzunmüddətli vaksinasiya nəticəsində artıq dünyada qeydə alınmadığından bu reyestrdən çıxarılıb. Təxmini hesablamalara görə, hər il dünyada 500 000 nəfərə qədər insan qrip və onun fəsadlarından dünyasını dəyişir. Əslində səhiyyə sistemi mükəmməl olmayan ölkələrdə qeydə alınmayan qrip epidemiyasından ölənləri də nəzərə alsaq, bu rəqəmin daha böyük olduğu qənaətinə gələrik. Tarixdə qripin ən böyük pandemiyası 1918-ci ilə təsadüf edilir. Həmin ildə İspan qripi (H1N1 virusu) adı ilə yayılan virus il ərzində -100 milyona qədər insanın həyatına son qoyub. Bu kütləvi ölüm 1347-53 illərdə Avropa ölkələrində baş verən taun (qara ölüm) pandemiyasında ölənlərdən sonra (24 milyon nəfər – həmin dövr Avropa əhalisinin ¼-i qədər) ikinci böyük insan itkisi sayılır.

 

Bu gün elmə qrip virusunun 3 növü və 2000-dən artıq subtitri (genetik müxtəlifliyi, ştammları) məlumdur. Qrip viruslarının tipləri bunlardır: A, B və C virusları. Onların nukleotid strukturu bir-birinə yaxındır, sferik formalı olub diametri 80-120 nanometrə bərabərdir.

 

A tip qrip virusu ən təhlükəli və epidemiyalara səbəb olan virus sayılır. Su hövzələrində yaşayan vəhşi quşlarda təsadüf edilir. 1918-ci ilin “İspan qripi” və 2009-cu ilin “Donuz qripi” A tip qrip virusu olan H1N1 virusunun subtitrləridir, ştammlarıdır. 2005-ci ildə yayılan “Quş qripi” isə A virusunun H5N1 ştammıdır. A tip qrip virusunun digər ştammlarına H1N2, H2N2, H7N2, H7N3, H7N7, H9N2, H10N7 virusları aid edilir. A tip viruslar həm heyvanlar və quşlar, həm də insanlar yoluxur.

 

B tip qrip virusu A tip virusa nisbətən daha az rast gəlinir. Bu virusa əsasən insanlar yoluxur. Heyvanlardan yalnız su itlərində rast gəlinir. Mutasiya qabiliyyəti A tip virusa nisbətən 2-3 dəfə azdır, ştammları azdır və epidemiyaya meylli deyildir. Adətən, erkən yaşlardan orqanizmdə B tip virusa qarşı immunitet formalaşır.

 

C tip qrip virusu bir qayda olaraq insanlarda, donuzlarda və itlərdə rast gəlinir. Daha az yayılıb, yalnız lokal səviyyədə ocaqlı yoluxmalarla özünü göstərir.

 

Qrip virusu hava damcı yolu ilə (öskürmə və asqırma) ötürülür. Ona görə də ictimai yerlərdə, insanların kütləvi toplandığı yerlərdə tibbi maskalardan istifadə etmək faydalıdır. Virus günəş şüası, dezinfeksiyaedici maddələrin və təmizləyici vasitələrin təsiri altında fəallığını itirir, yaxud məhv olur. Sabunun yaratdığı qələvi mühit də virusu inaktivasiya etmək qabiliyyətinə malik olduğundan əllərin mütəmadi sabunla yuyulması vacibdir.

 

Qrip virusunun yaratdığı infeksion prosesin əsas əlamətləri virusa yoluxmadan 1-2 gün sonra başlayan asqırma, boğaz ağrısı, qızdırma (38-39 °C-yə qədər), öskürək, titrəmə, əzələ ağrıları, kəskin baş ağrısı, öskürmə, ümumi halsızlıq, zəiflik, gözlərin yaşarması, gözlərin, boğazın, ağızın, sifət dərisinin, burunun qızarması, ürəkbulanma və iştahsızlıqdır. Bunlar ümumi intoksikasiya əlamətləridir. Əslində yuxarı tənəffüs yollarının katar və iltihabı ilə müşayiət olunan bütün xəstəliklərin hamısı qrip virusu ilə törədilmir. Burada Rynoviruslar, Adenoviruslar, ritteksiyalar, paraviruslar, H. influenzae, S. pneumoniae və burun-udlaq zonasında parazitlik edə bilən digər mikroorqanizmlər də kəskin respirator xəstəliklər törədə bilər.

 

Qrip xəstəliyi zamanı ölüm və ağırlaşmaların səbəbi bir sıra hallarda ikincili infeksyanın qoşulması və onun yaratdığı ağır intoksikasiyadır. Məsələn, 2009-cu ildə yayılan “Donuz qripi”ndən ölənlərin tədqiqi zamanı məlum olub ki, onların əksəriyyəti qrip virusunun yaratdığı kəskin infeksion proses fonunda fəallaşan Streptococcus pneumoniae bakteriyasının yaratdığı ağır pnevmoniyadan, yəni ikincili inkeksiyadan ölüblər.

 

Qripə yoluxma zamanı xəstə yataq rejiminə keçməlidir. İntoksikasiya zamanı maye itkisi çox olduğundan (xüsusilə qızdırma zamanı) çoxlu maye qəbulu tələb olunur. Vitaminli qidalar qəbul etməli, yataq otağı mütəmadi ventilyasiya edilməlidir. Zərərli vərdişləri (alkohol, siqaret, qəyan və s.) qəbulu kəskinliklə dayandırmalı, skvoznyakdan və əlavə soyuqdəymədən qorunmaq lazımdır. Özbaşına dərman (xüsusilə antibiotik) qəbuluna yol verilməməlidir. Avropada qəbul edilən müalicə sxemləri aşağıdakı dərmanlar və qrip əleyhinə peyvənddən ibarətdir.

 

1. Parasetamol 500 mg gündə 2 dəfə 3-5 gün qəbul edilir.

 

2. Çəkiyə uyğun olaraq Tamiflu (Oseltamivir) 30, 45 və ya 75 mg dozalı suspenziya və ya kapsul gündə 2 dəfə 5-10 gün müddətində verilir (Çəki və doza preparatın üzərindəki cədvəldə vardır).

 

3. Relenza (Zanamivir) – 7 yaş və yuxarı uşaqlar üşün gündəlik 20 mg dozada, gündə 2 dəfə (səhər, axşam) 2 inhalyasiya təyin edilir (5 gün müddətində).

 

İnkişaf etmiş ölkələrdə qrip virusuna qarşı peyvənd mütəmadi olaraq insanlara və təsərrüfat quşlarına vurulur. Lakin A virusu hər il yeni bir ştammla ortaya çıxdığından əvvəlki illərin vaksinləri həmişə effektli sayılmır. Yəni yeni ştamma qarşı vaksin hazırlayana qədər daha yenisi peyda olur.

 

Adil Qeybulla,

Tibb elmləri doktoru, professor

 

(Visited 158 times, 1 visits today)

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir