Ekologiya və Təbii Sərvətlər Nazirliyinin “Təhlükəli Tullantılar” poliqonunda Azərbaycan Qida Təhlükəsizliyi Agentliyinin (AQTA) əməkdaşları mənşəyi məlum olmayan, insan orqanizmi üçün yararsız 1.6 ton ət məhv edib.
Medpress.az-a agentlikdən verilən məlumata görə, bir müddət öncə AQTA-nın mütəxəssisləri hüquq-mühafizə orqanlarının əməkdaşları ilə birgə Abşeron rayonu, Aşağı Güzdək qəsəbəsində yerləşən Rasim Rzaxanova məxsus qanunsuz heyvan kəsimi və emalı müəssisəsində, eyni zamanda Abşeron rayonu, Mehdiabad qəsəbəsində yerləşən “Tac ət” Məhdud Məsuliyyətli Cəmiyyətində monitorinq keçirib.
Monitorinq zamanı kəskin qoxulu, mənşəyi məlum olmayan heyvan cəmdəklərindən nümunələr götürülüb və Qida Təhlükəsizliyi İnstitutunun müvafiq laboratoriyalarına göndərilib. Nümunələr üzərində aparılan laborator müayinələr nəticəsində həmin ətin insan orqanizmi üçün zərərli və istehlaka yararsız olduğu aşkarlanıb.