Dövlət Gömrük Komitəsinin Bakı Baş Gömrük İdarəsi qida təhlükəsizliyi və insan sağlamlığına mənfi təsir edən digər amillərin aradan qaldırılması ilə əlaqədar həyata keçirilən tədbirlər nəticəsində külli miqdarda dərman preparatları müsadirə edib.
Medpress.az-a komitədən verilən məlumata görə, “City Farm” Məhdud Məsuliyyətli Cəmiyyətin ünvanına 99LC081/99ZC081 nömrə nişanlı nəqliyyat vasitəsində daxil olan 10 min kiloqram, 12 500 dollar dəyərində “Yodex S Povidon” adlı dərman preparatlarını Bakı Baş Gömrük idarəsinin əməkdaşları normativ sənədlərə uyğun olmadığı üçün saxlayıb.
Daha sonra gömrük əməkdaşının sayıqlığı və peşəkarlığı sayəsində məlum olub ki, Səhiyyə Nazirliyi “Analitik Ekspertiza Mərkəzi” Məhdud Məsuliyyətli Cəmiyyətin verdiyi məktubu (sənədi) etibarnamə əsasında həmin şirkətin gömrük işlərini həyata keçirən Pərviz Həsənov saxtalaşdırıb və yenidən Bakı Baş Gömrük İdarəsinə təqdim edib. Məktubun (sənədin) saxtalaşdırılması ilə bağlı toplanan sənədlər DGK-nın Əməliyyat-İstintaq Baş İdarəsinə göndərilib.
Azərbaycan vətəndaşı Pərviz Həsənova CM-nin 206.1- ci maddəsi ilə cinayət işi başlanıb və həmin maddə ilə ittiham elan edilərək barəsində məhkəmənin qərarı ilə həbs qətimkan tədbiri seçilib.
Bu dərman preparatlarını Bakı Baş Gömrük İdarəsi ekoloji poliqonda məhv edəcək.