Azərbaycanda doğum ölümü 2 dəfə üstələdi

“Son 10 il ərzində Azərbaycanda əhalinin sayında 1 milyondan çox artım qeydə alınıb. Hətta 2019-cu ilin ortalarında 10 milyonuncu vətəndaşın doğulmasını gözləyirik”.

 

Medpress.az xəbər verir ki, bunu K.Fərəcova adına Elmi-Tədqiqat Pediatriya İnstitutunun baş həkimi Səadət Ələsgərova “Report”a bəzi KİV-lərdə Azərbaycanda körpə ölümlərinin əhali artımına mane olması ilə bağlı yayılan məlumatlara münasibət bildirərkən deyib.

 

 

Baş həkim qeyd edib ki, Azərbaycan əhalisinin sayında artım olmamasına dair deyilənlər həqiqəti əks etdirmir. Onun sözlərinə görə, 1993-cü illə müqayisədə ölkə üzrə körpə ölümü göstəricisi üç dəfəyə yaxın azalıb: “Son 25 ildə Azərbaycanda 1 yaşına qədər körpələrin ölüm göstəricisi 3 dəfəyə qədər azalıb. Doğum göstəricisi ölüm hallarını 2 dəfə üstələdiyi üçün əhalinin artım indeksi yüksəkdir. Ölkədə əhalinin sayı il ərzində orta hesabla 1% artır”.

 

S.Ələsgərova vurğulayıb ki, son 10 il ərzində Azərbaycanda 1 milyon 633 min 298 nəfər diri doğulan qeydə alınb: “Belə ki, 2008-ci ildə 152 086, 2009-cu ildə 152 139, 2010-cu ildə 165 643, 2011-ci ildə 176 072, 2012-ci ildə 174 469, 2013-cü ildə 172 671, 2014-cü ildə 170 503, 2015-ci ildə 166 210, 2016-cı ildə 159 464, 2017-ci ildə isə 144 041 körpə dünyaya gəlib”.

 

Qeyd edək ki, son 10 ildə Azərbaycanda doğulan və 1 yaşadək düynasını dəyişən körpələrin sayı ilə bağlı məlumatda kənd yerləri üzrə diri doğulan körpələrin sayı texniki səhv nəticəsində ölkə üzrə doğulanların sayı kimi göstərilib.

 

Baş həkimin sözlərinə görə, ölkədə ana ölümü də əhəmiyyətli dərəcədə azalıb, yoluxucu və digər xəstəliklərə qarşı mübarizə gücləndirilib: “Qonşu postsovet ölkələrilə müqayisədə Azərbaycan əhalisinin sayında azalma deyil, artım var. Avropanın elə ölkələri var ki, bu göstərici orada sıfırdır. Estoniyada belə əhali artımı mənfiyə doğru gedir. Hətta bəzi ölkələrdə, ümumiyyətlə, artım yoxdur. Son zamanlar Azərbaycanda fəaliyyət göstərən uşaq tibb müəssisələrində, eləcə də doğuşayardım müəssisələrində körpələrə, uşaqlara qulluğun və yardımın göstərilməsi üçün maddi-texniki baza gücləndirilərək müasir avadanlıqlarla təchiz olunub”.

 

(Visited 36 times, 1 visits today)

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir