“Bakı şəhər Məktəbəqədər Təhsil və Uşaq Evləri İdarəsinin tabeliyində olan müəssisələrin ərzaq təminatı hər zaman gündəlik nəzarətdə saxlanılır və ərzaqla bağlı daxıl olan hər bir müraciət ciddi şəkildə araşdırılır. Ötən həftə bağçalara verilən ərzağın keyfiyyəti ilə bağlı daxil olan məlumat da dərhal Bakı şəhər İcra Hakimiyyətində təşkil olunan komissiyada yerində araşdırılıb, keyfiyyəti şübhə doğuran ərzaqlarin geri qaytarılaraq yeniləri ilə əvəz olunması təmin edilib. İdarədən bildirilib ki, bağçalara köhnə, keyfiyyətsiz ərzaq verilməsindən söhbət belə gedə bilməz, yalnız keyfiyyəti şübhə doğuran ərzaqlar dərhal dəyişdirilib”.
Medpress.az report-a istinadla bildirir ki, bu barədə Bakı şəhər İcra Hakimiyyətinin mətbuat xidmətindən məlumat verilib.
Məlumatda qeyd edilib ki, komissiyanın bütün rayonlardakı uşaq bağçalarında apardıqları yoxlamalarda ciddi nöqsanlar və problemlər aşkar edilməyib: “Məktəbəqədər təhsil müəssisələrinin rəhbərlərinə bağçalara verilən ərzaqların keyfiyyətinin ciddi nəzarətdə saxlanılması, hər hansı problem yaranarsa, dərhal məlumat verilməsi tapşırılıb, bildirilib ki, uşaqlar hər zaman ən keyfiyyətli ərzaqlarla təmin olunmalı və bu məsələlərə çox ciddi nəzarət edilməlidir. Bu işlərdə ictimaiyyət nümayəndələri və ilk növbədə valideynlərin köməyi və məlumatları əsas götürüləcək. Ümumiyyətlə, 2018-ci il ərzində şəhərin məktəbəqədər təhsil və uşaq evlərində ərzaq təminatı ilə bağlı hər hansı problemlər yaşanmayıb və məsələnin süni surətdə şişirdilməməsi tövsiyə olunur.
Eyni zamanda, Bakı şəhərindəki məktəbəqədər təhsil müəssisələrinin ərzaq təminatını həyata keçirən qurumlara Yeni il ərəfəsində bağçalara verilən ərzaqların çeşidlərinin artırılması ilə bağlı müvafiq tapşırıqlar verilib”.