Azərbaycanda valideynlərin 18 yaşına çatmayan qız və oğlan övladlarına evdə hansı məşğuliyyəti öyrətdiyi açıqlanıb. Medpress.az bildirir ki, bu, “UNFPA/AQUPDK (2018) Azərbaycanda gender bərabərliyi və gender münasibətləri: mövcud vəziyyət və imkanlar. Kişilərin gender bərabərliyinə münasibətinə dair tədqiqatın nəticələri üzrə hesabat”da qeyd edilib.
Tədqiqat nəticəsində məlum olub ki, kişi respondentlərin çoxu ataları kimi uşaq ikən ev üçün alış-verişdə iştirak etdiyini bildirib. Kişilərdən fərqli olaraq qadınların yalnız 15,1 faizi bu cür işlə məşğul olduğunu söyləyib.
Təxminən eyni sayda kişi və qadın ev tapşırıqlarının yerinə yetirilməsində digər uşaqlara kömək etdiklərini vurğulayıblar.
Qadınlarla müqayisədə kişi respondentlərin bütün digər ev işlərində iştirak səviyyəsi əhəmiyyətli dərəcədə aşağı olduğu halda, qadınların böyük hissəsi bu cür işlərin hər birində iştirak etdiyini bildirib.
Kişi respondentlər uşaq ikən ənənəvi olaraq qadına aid edilən ev işləri, məsələn, paltar yuma və hamam-tualet təmizləmə ilə çox az məşğul olduqlarından sorğunun kişi iştirakçıları və onların ataları arasında müəyyən paralellər gətirmək mümkün olub.