Azərbaycan vətəndaşı olan 18 yaşınadək şəxslər, ərazi poliklinikalarında və qadın məsləhətxanalarında qeydiyyatdan keçmiş hamilələr icbari tibbi sığorta haqqından azaddırlar. Onlar üçün müəyyən edilmiş illik tibbi sığorta haqqı – 120 manat dövlət büdcəsi hesabına ödəniləcək.
Medpress.az xəbər verir ki, bu barədə İcbari Tibbi Sığorta üzrə Dövlət Agentliyinin İdarə Heyətinin sədri Zaur Əliyev kütləvi informasiya vasitələri nümayəndələrinə müsahibəsində deyib.
“İcbari tibbi sığortanın tətbiq edildiyi ərazilərdə yaşayanların 27 faizini uşaqlar təşkil edir. Onlar icbari tibbi sığortanın baza zərfinə daxil olan 1829 tibbi xidmətdən ödənişsiz istifadə hüququna malikdirlər. Pilot layihə müddətində agentlik Mingəçevir şəhəri, Ağdaş və Yevlax rayonlarında rəsmi qeydiyyatda olan və anadangəlmə ürək qüsuru ilə doğulan 37 uşağın əməliyyat olunmasını təmin edib”, – deyə Z.Əliyev diqqətə çatdırıb.