Həkimlər kartofu ən faydalı ərzaqlardan hesab edirlər. Tərkibində çox böyük miqdarda vitaminlərin, makro və mikroelementlərin zənginliyi səbəbindən bu qidanı universal adlandırırlar. Əhalinin böyük əksəriyyətinin iştirakı ilə aparılan epidemioloji tədqiqatlar da göstərir ki, kartof ürək-damar sisteminin sağlamlığına müsbət təsir edir. Həmçinin mütəxəssislər kartofun ən qidalı hissəsinin onun qabığı olduğunu iddia edirlər.
Medpress.az “MedikForum”a istinadla kartofun 6 faydasını təqdim edir:
Qabıqlı yeyildikdə faydalıdır. Böyük Britaniyanın Kral Tibb Cəmiyyətinin nəzdindəki Sağlam Qida Forumunun sabiq prezidenti, doktor Merilin Qlenvillin sözlərinə görə, kartofu qabıqsız yemək böyük səhv və sağlamlıq üçün nöqsandır. Çünki bir ovuc kartof qabığı orqanizmin gündəlik həll olunan lif, kalsium, dəmir, fosfor, sink və C vitamini ehtiyacının yarısını təmin edə bilər. Lakin kartofun qabığı bir qayda olaraq zibilə atılır.
Xərçəngdən qorunmada faydalıdır. Elmi tədqiqatların nəticələri göstərir ki, kartof tərkibindəki yüksək miqdarda flavonoid, karotinoid və fenol turşularının hesabına antioksidant təsiri göstərir. Bu maddələr qaraciyərdə və yoğun bağırsaqda əmələ gələn xərçəng hüceyrələrinin inkişafını deaktivləşdirir. Qırmızı kartofun tərkində isə ağ kartofa nisbətən antoksidantlar 3-4 dəfə çoxdur.
Beyin və əsəb sistemi sağlamlığı üçün faydalıdır. Kartof B6 vitamininin mənbəyidir. Bu vitamin uşaqlarda beyinin inkişafını stimullaşdırır. Böyüklərdə kartofdan istifadə koqnitiv xüsusiyyətlərin azalma təsiri ilə bağlıdır. Bundan başqa, kartofun tərkibindəki nişasta orqanizmdə serotonin, melatonin, noradrenalin kimi yaxşı əhval-ruhiyyə və keyfiyyətli yuxu hormonlarının üzə çıxmasına kömək edir.
Qanda şəkərin miqdarına nəzarət üçün faydalıdır. Kartofun tərkibindəki stabil nişasta bağırsaqlarda faydalı bakterial floranın inkişafı üçün əlverişli materialdır. Alimlər bu nişastanın qanda şəkərin miqdarına daha yaxşı nəzarət edilməsinə şərait yaratdığını təsdiqləyirlər.
Hipertoniya zamanı faydalıdır. Kartofun tərkibində kaliumun bolluğu arterial təzyiqə daha yaxşı nəzarət etməyə şərait yaradır.
Dəri sağlamlığında faydalıdır. Kaliumla zəngin olan kartof kimi ərzaqlar dərinin cavan və təravətli görünüşünün saxlanmasına kömək edir, erkən qırışların əmələ gəlməsinin qarşısını alır. Kalium, həmçinin hüceyrələrin bölünməsini aktivləşdirir ki, bu da dərinin tonusunu və elastikliyini təmin edir.
Mütəxəssislər yalnız suda bişirilmiş və qızardılmış kartofun kalorili əlavələrsiz və soussuz orta miqdarda qəbul olunmasını sağlamlıq üçün daha faydalı hesab edirlər.