Azərbaycan Tibb Universitetinin (ATU) Tədris Cərrahiyyə Klinikasının üz-çənə cərrahları daha bir unikal əməliyyat icra ediblər. Klinikaya müraciət edən və üzündə damar mənşəli şiş olan xəstə əməliyyat edildikdən sonra defektlər damar ayaqcığı üzərində toxuma köçürülməsi ilə aradan qaldırılıb.
Medpress.az xəbər verir ki, bu barədə AZƏRTAC-a klinikanın ağız və üz-çənə cərrahiyyəsi şöbəsinin müdiri Məhəmməd Davudov məlumat verib.
O, həmçinin deyib: “Təxminən 50-55 yaşlı Gürcüstan vətəndaşı olan xəstənin üzündə damar mənşəli xoşxassəli şiş var idi. Şiş çox böyük nahiyəni tutmuşdu. Belə ki, o, üzün aşağı hissəsi, alt dodaq, yanaq, boyun nahiyəsini əhatə edirdi. Şiş götürüldükdən sonra əmələ gələn defekti döş əzələsindən alınan bir toxuma parçası ilə bərpa etdik. Cərrahi müdaxilə 4-5 saat davam etdi. Ən əsası isə köçürülən toxumalar regenerasiya olundu”.
Şöbə müdiri belə əməliyyatların son bir neçə ildir ki, klinikada icra olunduğunu da diqqətə çatdırıb.