Udlaq xərçəngi dedikdə həmin orqanın bədxassəli törəmələri nəzərdə tutulur. Həmin törəmələr nadir hallarda xoşxassəli olur. Bu xərçəng növünün histoloji olaraq müxtəlif formaları var və onlara uyğun yanaşmalar mövcuddur. Udlaq xərçəngi qırtlağın giriş hissəsində olur. Udlağın sahəsi mexaniki olaraq böyük olduğundan ilk simptomlar daha gec bilinir. Ona görə də ilk şikayətlər ortaya çıxan zaman şiş toxuması bir az böyük ölçüyə malik olur. Əsas şikayət udqunmanın pozulmasından ibarətdir. İlk mərhələlərdə bədən şişi kompensasiya edir və xəstə buna əhəmiyyət vermir. Həftələrlə, hətta aylarla davam edən proses nəticəsində şiş böyüyür. Bu zaman isə xəstə udqunma problemləri ilə müraciət edir.
Medpress.az xəbər verir ki, bu barədə AZƏRTAC-a Azərbaycan Tibb Universitetinin Tədris Cərrahiyyə Klinikasının lor cərrahiyyə şöbəsinin müdiri Murad Şıxəliyev məlumat verib.
Mütəxəssis, həmçinin deyib: “Pasiyent udqunma problemlərinə görə şikayət edən zaman mütəxəssis udlaq xərçəngindən şübhələnərsə, biopsiya edib şişin xarakterini, ölçüsünü və kənar orqanlara metastaz verib-vermədiyini müəyyənləşdirir. Buna əsasən də müalicə taktikası seçilir. Mümkündürsə, şiş cərrahi əməliyyatla xaric edilir. Əgər cərrahi müdaxiləyə ehtiyac olmazsa, kimya və şüa terapiyaları tətbiq edilir. Təəssüf ki 10 faiz hallarda udlaq xərçəngi ağciyərə metastaz verir”.
Şöbə müdiri bildirib ki, xəstəliyin əsas risk amili siqaretdir və əsasən kişilərdə rast gəlinir: “Xəstəliyin əmələ gəlməsində alkoqollu içkilərin də təsiri var. Udlaq xərçəngi gənclərdə az hallarda aşkarlanır. Daha çox 45-75 yaşlı kişilərdə rast gəlinir. Xəstələrin müraciəti daha çox ikinci-üçüncü mərhələlərə təsadüf edir. Bu xəstəlikdən əziyyət çəkənlərin beşillik yaşama faizi 15-50 faiz arasında dəyişir. Xəstəlik vaxtında aşkarlanarsa, müalicənin nəticəsi daha uğurlu olar”.