Tələbə qızın ölüm səbəbi açıqlandı – RƏSMİ

Aparılan epidemioloji araşdırmalar və laborator müayinələrin nəticəsində Nərdanə Tağızadənin leptospiroz infeksiyasından dünyasını dəyişməsi iddiası təsdiqini tapmayıb. Bu infeksiya haqqında məlumat daxil olan kimi Səhiyyə Nazirliyi məsələni xüsusi diqqət altına alıb. Dərhal mərhumun evində bütün lazımi müayinələr aparılıb. Ölümün əsas səbəbi mərhumun dünyasını dəyişdiyi tibb müəssisəsinin rəyində açıqlanıb.

 

Medpress.az xəbər verir ki, bu barədə Səhiyyə Nazirliyinin Mətbuat Xidməti məlumat yayıb.

 

Məlumata görə, leptospiroz çox nadir rast gəlinən xəstəlikdir. Bu infeksiya xəstə heyvanların ifrazatları ilə çirklənmiş ətraf mühit vasitəsilə yayılır və insandan insana keçmir.

 

Qeyd edək ki, Nərdanə Şirvan qızı Tağızadə Bakı Dövlət Universitetinin tarix fakültəsinin I kurs tələbəsi idi. Onun anası İlhamə İgidova “baku.vs”-ə açıqlamasında qızının dəhşətli virusdan öldüyünü iddia edib.

 

Ananın sözlərinə görə, 18 yaşlı qızı yanvarın 29-da vəfat edib. Vəziyyəti yanvarın 25-də pisləşib və onu Respublika Kliniki Xəstəxanasına yerləşdiriblər. Lakin vəziyyəti ağırlaşdığı üçün sonradan “Bakı Medikal Plaza”ya aparıblar. Orada da həkimlərin səylərinə baxmayaraq qıızın həyatını xilas etmək mümkün olmayıb.

 

Həkimlər valideynlərinə deyiblər ki, Nərdanə Tağızadə leptospiroz virusuna yoluxubmuş.

 

“Əvvəlcə dedilər qız H1N1 virusuna tutulub. Sonradan dedilər ki, qıza heyvanlardan leptospiroz virusu keçib. Lakin ölüm kağızında rəsmi olaraq yazdılar ki, onun dünyasını dəyişməsinə səbəb ağ ciyər və ürək çatışmazlığıdır”, – ana bildirib.

 

İlhamə İgidova deyir ki, qızının ölümündən sonra evlərinə Epidemiologiya Mərkəzindən həkimlər gəlib və bildiriblər ki, Nərdanə Tağızadədən başqa bu virusdan daha 5 nəfər vəfat edib: “Dedilər, araşdırmaq lazımdır ki, Nərdanə ilə həmin 5 nəfərin əlaqəsi olub, ya yox. Bu virus əsasən heyvanlardan insana keçir”.

 

Nərdanə Tağızadə Bakı Dövlət Universitetinin tarix fakültəsinə 600 balla daxil olub. Birinci kursda təhsil alırdı. Xəstələnəndən sonra bir müddət müalicə alıb. Sonra imtahanlarını verib. Yanvarın 25-də isə vəziyyəti daha da pisləşib və xəstəxanaya aparılıb.

Onun “hə”si verilibmiş və bu yaxınlarda nişanlanacaqmış.

 

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir