Sümük şişləri də sizi öldürə bilər – XƏBƏRDARLIQ

Sümük şişləri daha çox xoşxassəli olan və başqa xəstəliklərin diaqnozu məqsədilə çəkilən rentgenlərdə təsadüfən aşkarlanan sümüyün törəmələridir. Ancaq sümük hüceyrələrinin anomaliyası nəticəsində də onun özündə bədxassəli şişlər əmələ gələ bilər. Bədxassəli sümük şişləri daha çox süd vəzi, prostat, ağciyər kimi başqa orqanların xərçənglərinin sümüyə metastazı zamanı meydana gəlir. Osteosarkom və kontrosarkom kimi birincili sümük xərçəngləri çox aqressiv olduğundan onlara vaxtında müdaxilə edilmədikdə qısa müddət ərzində xəstə həyatını itirə bilər. Bəzi sümük xərçənglərində genetik amil də mühüm rol oynayır.

 

Medpress.az AZƏRTAC-a istinadla bildirir ki, bu barədə Mərkəzi Neftçilər Xəstəxanasının ortoped-travmotoloqu Vüqar Quliyev məlumat verib. Onun sözlərinə görə, sümük şişləri uzun zaman ərzində çox sakit inkişaf edir: “Xəstəni narahat edən şikayətlər üzə çıxdıqda şişlər artıq inkişaf etmiş olur. Sümük şişlərinə ən çox insidental formada rast gəlinməkdədir. Yəni bəzən xəstə başqa bir şikayətlə xəstəxanaya müraciət edir və rentgen müayinəsi zamanı sümükdə şiş aşkarlanır. Törəmələrin olması ilə bağlı şübhə varsa, ona uyğun testlər edilir. Xəstə kompüter tomoqrafiyası və kontrastlı maqnit rezonans tomoqrafiyadan keçirilir. Əgər xərçəngin olduğu yerin kənarları sabitdirsə, yumşaq toxumanın içərisinə yayılma, yəni invaziya yoxdursa, bu, xoşxassəli törəmələrə işarə edir. Lakin şişin sərhədləri düzgün deyilsə və toxumalara invaziya göstərirsə, o zaman şiş bədxassəlidir. İlkin diaqnoz qoyulduqdan sonra şişin xarakterini müəyyənləşdirmək üçün biopsiya edilir. Törəmələr xoşxassəli olduqda xəstə müşahidə altında saxlanır. Belə ki, 6 aydan bir şişlərin ölçüsünün artıb-artmaması ilə bağlı müayinələr aparılır”.

 

Həkimin sözlərinə görə, bəzən osteoid osteom kimi xoşxassəli sümük şişləri gecələr ağrı verir: “Xəstə diaqnoz zamanı bəsit bir qeyri-steroid iltihab əleyhinə dərman qəbul etdiyində ağrı keçir və xəstəliyi müəyyən etmiş oluruq. Bədxassəli sümük törəmələrində müalicə də ona uyğun aqressiv aparılmalıdır. Bizim üstünlük verdiyimiz daha çox üzvqoruyucu – oynaqqoruyucu cərrahiyyə əməliyyatlarıdır. Əgər xəstə gec müraciət edərsə, bu, orqanın amputasiyasına da gətirib çıxara bilir. Bədxassəli şişlərdə 5 illik yaşam proqnozu çox aşağıdır.

 

Ümumiyyətlə, bütün xərçəng növlərində müalicə zamanı və sonra mütləq ümumi müayinədən keçmək lazımdır. Buna səbəb bir orqandakı xəstəliyin digərlərinə metastaz verə bilməsidir. Həm də il ərzində bir ya iki dəfə müayinədən keçənlərdə şişlər erkən aşkarlana bilər. Onu da qeyd etmək istərdim ki, xoşxassəli şişlərin nadir də olsa, bədxassəli şişlərə çevrilmə ehtimalı var”.

 

(Visited 112 times, 1 visits today)

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir