Yeni növ koronavirus (COVID-19) infeksiyası orqanizmdə müxtəlif əlamətlərlə özünü büruzə verdiyi kimi aşkarlanma üsulları da fərqlidir. PZR testləri ilə yanaşı açıq satışda olan hazır testlərlə də koronavirusa yoluxub-yoluxmamağı öyrənmək olar. Türkiyədə antigen və antikor olmaqla iki qablaşdırmada istehsal edilən smart testlər qan və yaxma vasitəsilə təhlillərin aparılmasına imkan verir.
Vətəndaşların testlərdən istifadə üsullarını da ətraflı öyrənməsi tövsiyə olunur. Hər kəs üçün əlçatan olan həmin vasitə ilə əldə edilən nəticələrin inandırıcılığı nə qədərdir? Mütəxəssislərin dediyinə görə, koronavirusla əlaqədar ən dəqiq nəticəni PZR testləri göstərir.
Medpress.az xəbər verir ki, Mərkəzi Gömrük Hospitalının həkim-pediatrı Fərəh Vahabova bu barədə AZƏRTAC-a deyib: “PZR analizinin informativliyi 90 faizdən yuxarıdır, daha dəqiq desək, 95-98 faizdir. Smart testlərin informativliyi isə 80 faizdir. Həmin testlərdən ev şəraitində istifadə etmək daha yaxşıdır. İnfeksiyaya yoluxan xəstə müalicə proseduru əsnasında və iki həftədən sonra bu testlə özünü müayinə edə bilər. Ev şəraitində digər ailə üzvlərinin infeksiyaya yoluxub-yoluxmadığını yoxlamaq olar. Həmin test vasitəsilə aeroportda özünü pis hiss edən və qızdırması olan sərnişin üzərində də müayinə aparmaq olar və müayinə nəticəsi müsbət çıxan xəstə təcrid olunmalı və ona PZR analizləri götürülməsi üçün göndəriş verilməlidir”.
Həmin testləri apararkən sanitar-gigiyenik və epidemioloji qaydalara əməl etmək lazımdır. Əsas məsələ ondan ibarətdir ki, virusa yoluxmayasan və başqalarını da yoluxdurmayasan.