Çəkisini azaltmaq istəyənlərlə yanaşı onu artırmaq arzusunda olanlar da var. Diyetoloqların köməyi ilə kökəlməyə çalışanların sayı artsa da, bunu ev şəraitində kor-koranə şəkildə edənlər də tapılır.
Medpress.az bildirir ki, diyetoloq Ləman Süleymanovanın AZƏRTAC-a verdiyi məlumata görə, bədən çəkisini özbaşına artırmaq istəyənlər bəzən ciddi xəstəliklərə tutulur və ya hədsiz dərəcədə kökəlirlər. O, həmin prosesin nəzarət altında və xüsusi proqramla aparılmalı olduğunu bildirib: “Çox vaxt çəki artırmaq üçün müxtəlif preparatlar qəbul edir, iynə vurdururlar. Xüsusilə yeniyetməlik dövründə belə üsullardan istifadə etmək yolverilməzdir. Bu, ciddi hormonal pozuntuya səbəb ola bilər. Bir qədər yaşlı xanımlarda isə bu növ qaydalara əməl edilməməsi ginekoloji və mədə-bağırsaq problemlərinə, hətta xərçəng xəstəliyinə səbəb ola bilər”.
Onun dediyinə görə, sağlamlığında heç bir problem olmayan, fəal həyat tərzi keçirən uşaq və yeniyetmənin arıqlığına görə narahat olmaq əbəsdir: “Belə olduqda çəki artırmaq üçün sadəcə qida rasionuna diqqət yetirmək lazımdır. Əsasən immunitetin bərpası baxımından gündə üç-dörd dəfə qidalanmaq, mövsümi meyvə-tərəvəzlər yemək, infeksiyalardan qorunmaq vacibdir. Bunun üçün ət məhsulları və C vitamini ilə zəngin sitrus meyvələrinə üstünlük verilməlidir. Vitamin, zülal və karbohidrat balansı normal çəkinin təminatıdır”.