Brayl əlifbası milyonlarla insana COVID-19 haqqında etibarlı informasiyalar əldə etməyə imkan yaradır

Bütün dünyada təxminən 2,2 milyard insanın görmə problemi var. Brayl əlifbası hərfi mənada onlar üçün “dünyaya bir pəncərə” açır, pandemiya zamanı isə həyatlarını xilas edə bilər.

 

Medpress.az xəbər verir ki, bu barədə yanvarın 4-də qeyd olunan Ümumdünya Brayl Əlifbası Günü münasibətilə BMT xatırladır.

 

Altı nöqtədən ibarət relyefli toxunma birləşmələri bütün hərfləri və rəqəmləri, hətta musiqi, riyazi və elmi simvolları çatdırmağa imkan verir.

 

Gözdən əlilliyi olanlar və zəif görənlər üzərlərinə bir barmağını çəkərək vizual şriftlə çap olunan həmin kitabları və dövri nəşrləri oxuya bilərlər. Brayl şrifti onlara məlumat almağa və ötürməyə imkan verir və beləliklə də onların iş qabiliyyətini, müstəqilliyini və cəmiyyətdəki bərabər mövqeyini təmin edir. Çap makinasına bənzər xüsusi cihaz vasitəsilə və ya xüsusi çap olunmuş vərəqləri deşməklə yazı üçün Brayl əlifbasından istifadə etmək olar.

 

COVID-19 pandemiyası zamanı etibarlı məlumatlara çıxış hər zamankından daha vacibdir. Gözdən əlilliyi olan və zəif görən insanlar üçün Brayl əlifbası səs tətbiqləri ilə yanaşı – sağlamlığını qorumağa və koronavirusun yayılmasının qarşısını almağa imkan verən əvəzolunmaz məlumat əldə etmə vasitəsidir. Birləşmiş Millətlər Təşkilatının Uşaq Fondu (UNICEF), görmə qabiliyyətini itirənlər də daxil olmaqla əlilliyi olan həm uşaqları, həm də böyükləri COVID-19-dan qorunması ilə bağlı tövsiyələr hazırlayıb.

 

BMT-nin Əlilliyi olan insanların hüquqları haqqında Konvensiyasında Brayl əlifbasının universal sistem kimi təhsil, fikir və əqidə ifadə etmə və informasiyaya çıxış azadlığı hüququnun həyata keçirilməsi, gözdən əlilliyi olan və zəif görən insanların sosial inteqrasiyası sahəsində kritik mühüm rol oynadığı barədə deyilir. (Azərtac)

 

(Visited 95 times, 1 visits today)

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir