Yeni ilin ilk həftəsində Kliniki Tibbi Mərkəzin toksikologiya şöbəsinə 18 nəfər dəm qazından zəhərlənmə diaqnozu ilə daxil olub. Ötən il isə bu səbəbdən xəstəxanaya 151 nəfər müraciət edib. Təəssüf ki, zəhərlənmə zamanı ölüm halları da qeydə alınıb.
Medpress.az xəbər verir ki, bu barədə şöbənin müdiri, Səhiyyə Nazirliyinin baş toksikoloqu Azər Maqsudov məlumat verib.
Baş toksikoloq dəm qazından zəhərlənmənin əlamətlərinin başağrısı, gicəllənmə, ürəkbulanma, halsızlıq olduğunu deyib. O bildirib ki, dəm qazından zəhərlənən insan dərhal təmiz havaya çıxarılmalı, nəfəs almasını çətinləşdirən geyimlərdən azad edilməli, təcili tibbi yardım çağırılmalıdır. Zəhərlənən şəxsin huşu özündə olsa da, xəstəxanaya müraciət edilməsi və mütəxəssisin müayinəsindən keçməsi mütləqdir. Buna səbəb dəm qazının fəsadlarının aradan qaldırılmasıdır.
Azər Maqsudov hər kəsi təhlükəsizlik qaydalarına riayət etməyə çağırıb.