Bakıda ən çox qanunsuz ət kəsimi məntəqələri bu üç rayondadır – AÇIQLAMA

Qida Təhlükəsizliyi Agentliyi paytaxtın Nizami rayonunda qanunsuz heyvan kəsimi və ət satışı məntəqələrinə qarşı reyd keçirib.

 

Medpress.az-a agentliyin informasiya təminatı və innovativ həllər şöbəsindən verilən məlumata görə, Qida Təhlükəsizliyi Agentliyi baytarlıq-sanitariya və sanitariya-gigiyena tələblərinə uyğun olmayan yerlərdə, küçələrdə, yol kənarlarında qanunsuz ət satışı məqsədi ilə heyvan kəsimi fəaliyyətinin qarşısını almaq üçün nəzarət tədbirlərini davam etdirir. İndiyədək bir sıra qanunsuz heyvan kəsimi məntəqələrində yerli icra hakimiyyəti orqanları ilə birlikdə reydlər keçirilib. Bu zaman qanunsuz heyvan kəsimi məntəqələrinin sahiblərinə ciddi xəbərdarlıq edilib və yol kənarlarında qanunsuz quraşdırılan, qida təhlükəsizliyi tələblərinə uyğun olmayan, bir sıra kəsim qurğularını icra hakimiyyəti orqanlarının nümayəndələri söküblər.

 

Qida Təhlükəsizliyi Agentliyinin apardığı monitorinqlər zamanı məlum olub ki, hələ də standartlara cavab verməyən yerlərdə, küçələrdə, yol kənarlarında heyvan kəsimi və ət satışı məntəqələri fəaliyyətini davam etdirir. Bununla bağlı agentlik aidiyyəti orqanlar ilə birlikdə qanunsuz fəaliyyət göstərən heyvan kəsimi və ət satışı məntəqələrində reydlərə başlayıb. Agentliyin indiyədək apardığı monitorinqlər zamanı qanunsuz heyvan kəsimi ilə məşğul olan kəsim məntəqələrinin digər rayonlarla müqayisədə daha çox paytaxtın Nizami, Binəqədi və Yasamal rayonlarında olduğu müşahidə edilib. Bu səbəbdən reydlərə ilkin olaraq Nizami rayonundan başlanılıb. Bu rayon üzrə 40-a yaxın qanunsuz fəaliyyət göstərən heyvan kəsimi və ət satışı məntəqəsinin fəaliyyətinə baxış keçirilib və qanunvericilikdə nəzərtə tutulmuş inzibati tədbirlər görülüb.

 

Qida Təhlükəsizliyi Agentliyi bir daha qanunsuz heyvan kəsimi fəaliyyəti ilə məşğul olan şəxsləri qanunvericiliyin tələblərinə əməl etməyə və bu sahədə qanunsuz fəaliyyət göstərməməyə çağırır. Əgər sahibkarlar standartlara uyğun, müasir heyvan kəsimi və ət satışı məntəqələri yaratmaq istəyirlərsə, Qida Təhlükəsizliyi Agentliyinə müraciət edə bilərlər. Eyni zamanda, qanunsuz heyvan kəsimi ilə məşğul olan şəxslərə müasir standartlara cavab verən heyvan kəsimi məntəqələrinin xidmətlərindən istifadə etmək tövsiyə olunur.

 

 

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir