Bioloji yaşından gənc görünmək və özünü cavan hiss etmək üçün bütün həyatın boyu müntəzəm məşq etməlisən. Bunu Boll Dövlət Universitetinin (ABŞ) alimləri iddia edirlər.
Medpress.az bildirir ki, alimlər apardıqları maraqlı araşdırmanın nəticələrini “Journal of Applied Physiology” dərgisində dərc etdiriblər. Məqalədə göstərilir ki, onlar bir neçə on il müntəzəm qaçan, velosiped sürən, üzgüçülüklə, yaxud fiziki fəallığın digər növləri ilə məşğul olan insanları seçiblər. Araşdırmanın bütün iştirakçıları hobbi qismində məşq edib və həftədə 5 günlərini, ümumilikdə 7 saata yaxın vaxtlarını idman etməyə ayırıblar.
Bu insanların sağlamlıq durumunu öyrənməklə tədqiqatçılar aşkar ediblər ki, onların ürək və ağ ciyər imkanları, eləcə də əzələ forması yaşları 70-75 arasında olsa belə, 40 yaşlı insanlardakı kimi sağlamdır.
“Biz gördük ki, ildən-ilə müntəzəm məşq edən insanların ümumi sağlamlıq vəziyyəti yaxşıdır. Bu 75 yaşlı kişi və qadınların ürək-damar sistemləri 40-45 yaşlarında olduğu kimi sağlamdır”, -araşdırma qrupunun rəhbəri Skott Trappe söyləyib.
Beləliklə, tədqiqatçıların sözlərinə görə, gündə 30-60 dəqiqəlik məşq sağlam həyatın açarı hesab olunur. Əgər siz vaxtından əvvəl yaşlanmaq istəmirsinizsə, özünüzü yaşınızdan cavan və sağlam hiss etmək istəyirsinizsə, yalnız müntəzəm məşq etməyiniz lazımdır.