Yaşıl və qara çay eyni koldan yığılsa da, fərq yalnız çay yarpaqlarının emalındadır. Qara çay xüsusi şəraitdə qurudulur və bunun nəticəsində onun tərkibi bir qədər dəyişərək fermentasiya olunur. Yaşıl çay isə xüsusi emala məruz qalmır, onun istehsalı zamanı yarpaqlar soldurulmadan kəskin su buxarına verilərək qurudulur. Belə emal nəticəsində yaşıl çay yarpağının tərkibindəki xlorofil, aşı maddələr və S vitamininin miqdarı azalmır. Ona görə də isti və quru iqlim şəraitində yaşıl çay bədənin tonusunu və gümrahlığını yüksəldir, hətta az miqdarda içəndə də susuzluğun qarşısını alır və sərinlik bəxş edir.
Medpress.az AZƏRTAC-a istinadla xəbər verir ki, Şərqdə min bir dərdin dərmanı sayılan yaşıl çay güclü antioksidant xüsusiyyətlərə malikdir, orqanizmi müxtəlif zərərli maddələrdən təmizləyir və nəticədə immun sistemi möhkəmlənir, insan cavanlaşır. Yüksək hərarətlə müşayiət olunan müxtəlif iltihabı xəstəliklər və soyuqdəymələr zamanı yaşıl çay yaxşı tərlədici təsir göstərir və zəhərlənmə ilə uğurla mübarizə aparır.
Alimlərin fikrincə, güclü mikrob əleyhinə təsirə malik olan yaşıl çay insanı fəallaşdırır, əqli və fiziki aktivliyi artırır, əhvali-ruhiyyəni qaldırır. Həkimlər onun axşam vaxtlarında qəbul edilməsini məsləhət görmürlər. Səhər tezdən içilən bir fincan yaşıl çay əmək qabiliyyətinin yüksəlməsinə səbəb olur. Yaddaşı və diqqəti artıran yaşıl çay sinir sisteminə müsbət təsir göstərir, depressiyadan çıxmağa kömək edir. Bundan başqa onun qəbulu həm də ürək-damar sistemi üçün faydalıdır, aterosklerozun əmələ gəlməsi riskini azaldır, arterial təzyiqi aşağı salır. Ona görə də hipotoniyadan əziyyət çəkənlərin yaşıl çay içməsi tövsiyə edilmir.
Yaşıl çay damaq iltihabı profilaktikasında ən yaxşı vasitələrdən sayılır, üstəlik də gözəl kosmetik vasitədir. Antiseptik xüsusiyyətləri sayəsində üz dərisindəki səpgilərlə mübarizə aparır, dəriyə tonuslaşdırıcı təsir göstərir. Kosmetoloqlar onu soyuducuda xırda kub formasında dondurmaq və sonra həmin buzlarla üzü silməyi məsləhət görürlər.
Yaşıl çay çini fincanda dəmlənilir, su çox qaynar olmamalıdır, çünki qaynar su çayın dadını və ətrini dəyişir. Yalnız təzə dəm içilməsi məsləhət görülən yaşıl çay süzüləndən sonra ona qaynar su əlavə olunur.