Fevralın 15-i bütün dünyada Beynəlxalq Uşaq Xərçəng Xəstəlikləri ilə Mübarizə Günü qeyd edilir. Bu gün 2001-ci ilin sentyabr ayında Lüksemburqda uşaqları xərçəng xəstəsi olan valideynlərin Beynəlxalq konfederasiya təşkilatının illik görüşündə elan edilib.
Medpress.az bildirir ki, Beynəlxalq Uşaq Xərçəng Xəstəlikləri ilə Mübarizə Günü ilk dəfə 2002-ci ildə keçirilib. Əsas məqsəd pediatr-həkimlərin, bütün professional tibb cəmiyyətinin informasiya səviyyəsinin artırılması, bütün ixtisaslardan olan sosial cavabdehlik daşıyan vətəndaşların uşaq onkologiyasında uğurlarını və problemlərini gündəmə gətirməkdir.
Uşaq xərçəngi ilə bağlı mübarizənin rəmzi qızıl zolaqdır. Müasir səhiyyə, onkologiya sahəsində fəal araşdırmaya baxmayaraq, uşaqlarda bədxassəli xəstəliklərin peyda olmasının səbəbini dəqiq söyləyə bilmir. Xərçəng şişlərinin yaranmasına səbəb olan yalnız ilk şərtlər məlumdur: genetik meyl, kanserogen təsiri ( ətraf aləmin çirklənməsi və ətraf mühitin tərkibində zəhərli maddələrin olması), eləcə də inkişaf dövründə bətndaxili dölün patologiyası.
Ümumdünya Səhiyyə Təşkilatının statistikasına görə, xərçəng bədbəxt hadisələrdən sonra uşaq ölümlərinin ikinci səbəbidir. Digər statistikaya görə, hər il dünyada yaşları 15-dən aşağı olan 215 min, yaları 15-19-a qədər olan isə 85 min uşaq xərçəng xəstəliyinə yoluxur. Bu səbəbdən ildə 100 minə yaxın uşaq xərçəngdən ölür, səhiyyəyə yüksək vəsaitlər xərclənən plkələrdə bu xəstəliyə tutulan 10 uşaqdan 8-i sağ qalır.
Tibb ekspertləri hazırda etiraf edirlər ki, xərçəng müalicəsi mümkün olan xəstəlikdir. Amerikalı ekspertlər isə 2021-ci ildə xərçəngin əsas formalarının müalicəsinin mümkün olacağını proqnozlaşdırırlar.
2012-ci il martın 7-də Milli Onkologiya Mərkəzinin nəzdində Azərbaycanda ilk dəfə Uşaq Onkoloji Klinikası fəaliyyətə başlayıb. Uşaq Onkoloji Klinikasının yaradılmasında Azərbaycanın birinci vitse-prezidenti, Heydər Əliyev Fondunun prezidenti, UNESCO və ISESCO-nun xoşməramlı səfiri Mehriban Əliyevanın və Milli Onkologiya Mərkəzinin direktoru, akademik Cəmil Əliyevin böyük əməyi var. Hazırda bu klinika regionumuzda onkoloji xəstəliklərdən əziyyət çəkən uşaqlara ixtisaslaşmış, yüksək texnologiyalarla təchiz olunan keyfiyyətli tibbi yardım göstərən yeganə tibb müəssisəsidir.
Ümumdünya Səhiyyə Təşkilatının son hesabatına görə, Azərbaycanda 2018-ci ildə 11 606 şəxsdə xərçəng aşkarlanıb. Xərçəngdən ölənlərin sayı 8133 nəfər təşkil edib.
Azərbaycanda xərçəngdən ölən uşaqların sayı 2017-ci ildə 105 nəfər olub.