Ulun çayı ekstraktı döş xərçənginin qarşısının alınmasında böyük potensiala malikdir.
Medpress.az-ın xarici mediaya istinadla verdiyi xəbərə görə, bu qənaətə Sent-Luis Universitetinin tədqiqatçıları gəliblər.
Laboratoriyada həyata keçirilən testlər zamanı məlum olub ki, qeyri-adi tibbi xüsusiyyətlərinə görə Çində bir çox əsrlər ərzində yeməkdə istifadə olunan ulun çayı döş xərçəngi hüceyrələrinin inkişafının qarşısını almağa qadirdir. Müşahidələrə görə, bu ekstrakt bədxassəli hüceyrələrin DNT-sinə təsir göstərərək şişləri inkişaf etməyə qoymur.
Yaşıl çayda buna bənzər xüsusiyyətlər var. Amma tünd və qara çay təhlükəli hüceyrələrə, demək olar, təsir göstərməyib. Amerika alimləri Çində döş xərçənginin sürətlə yayılması və bu xəstəlikdən ölüm hallarını da təhlil ediblər. Məlum olub ki, ölkənin ulun çayından çox istifadə olunan regionlarında döş xərçənginə tutulanların sayı xeyli azdır.
Tədqiqatçıların fikrincə, bu çay döş xərçənginin profilaktikasında çox ümidverici və qeyri-toksik alternativdir. Statistika göstərir ki, hər səkkiz qadından biri bu xəstəliyə tutulur. Bütövlükdə alimlər döş xərçənginin 6 hüceyrə xəttinə ulun çayının təsirini qiymətləndiriblər. Tədqiqatlarda hüceyrə xətlərindən fəal istifadə olunur. Bu xətlər vaxt keçdikcə laboratoriyada müəyyən halların təsiri altında bölünməyə və böyüməyə davam edən xərçəng hüceyrələrindən ibarətdir.