Tibb Universiteti ilə Cərrahpaşa arasında memorandum imzalandı

Azərbaycan Tibb Universitetinin (ATU) qonağı olan Türkiyənin İstanbul Universiteti-Cərrahpaşanın rektoru Nuri Aydın ATU-nun rektoru, professor Gəray Gəraybəyli ilə görüşüb. Görüş zamanı iki universitet arasında əməkdaşlığa dair anlaşma memorandumu imzalanıb.

 

Universitetin mətbuat xidmətindən Medpress.az-a bildiriblər ki, professor Gəray Gəraybəyli ali məktəblərin ortaq maraqlarını təşviq etmək baxımından memorandumun yararlı olacağını qeyd edib. Onun sözlərinə görə, hər iki müəssisə qarşılıqlı korporativ tədris və elmi-tədqiqat fəaliyyətini reallaşdırmaqda maraqlıdır. Bunun üçün işlək mexanizmlərin yaradılmasına ehtiyac var: “Biz qardaş Türkiyə universitetləri ilə əməkdaşlıq sənədi imzaladıqda bu sənəddə real hədəflərin qoyulmasının tərəfdarı oluruq. Tələbə və rezidentlərimiz, həkim və müəllimlərimiz üçün belə əməkdaşlığın olması çox vacibdir. Xüsusilə də Türkiyə universitetlərinin tibb fakültələri ilə rezident mübadiləsində sıx əməkdaşlığımız mövcuddur. İmzaladığımız müqavilə qarşılıqlı elmi işlərin aparılması prosesinə böyük təkan olacaq”.

 

Rektor G.Gəraybəyli ATU-da xarici ölkələrdən tələbələrin təhsil aldığını, onlar arasında Türkiyədən olan gənclərin olduğunu da diqqətə çatdırıb. Rektorun sözlərinə görə, “2019-2023-cü illər üçün Azərbaycan Respublikasında ali təhsil sisteminin beynəlxalq rəqabətliliyinin artırılması üzrə Dövlət Proqramı”nın hədəflərinə əsasən Tibb Universitetində beynəlxalq ikili diplom proqramlarının tətbiqi və doktorantura səviyyəsi üzrə Azərbaycan vətəndaşlarının seçiminin təkmilləşdirilməsi üzrə işlərə başlanılıb. Bunlar da universitetin beynəlxalq səviyyəli mütəxəssis və tədqiqatçıların yetişdirilməsində rolunu daha da gücləndirəcək.

 

Türkiyənin İstanbul Universiteti-Cərrahpaşanın rektoru, professor Nuri Aydın hazırda universitetdə 42 min tələbənin olduğunu, ali məktəbdə yeni struktur dəyişikliklərinin aparıldığını bildirib. O, əməkdaşlığın hər iki universitet üçün faydalı olacağına inandığını deyib.

 

Sonra Tibb Universiteti ilə İstanbul Universiteti-Cərrahpaşa arasında anlaşma memorandumu imzalanıb. Sənəddə birgə tədris və təhsil fəaliyyəti, doktorluq dərəcəsi üzrə tələbə mübadiləsi, birgə rəhbərlik altında doktorluq dissertasiyasının yazılması üzrə və akademik və elmi sahələrdə əməkdaşlıq nəzərdə tutulur. Bundan əlavə, sazişdə ali məktəblərin birgə layihə və tədqiqatlar aparması, diplomaqədərki və diplomdansonrakı tələbələrin mübadiləsi, elmi işçilərin və tədris heyətinin mübadiləsi, akademik nəşrlər və elmi sənədlərin mübadiləsi ilə bağlı fəaliyyətlər də öz əksini tapıb.

 

(Visited 71 times, 1 visits today)

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir