Uşaqlar hansı müayinələrdən keçirilməlidir?

Bəzən uşaq xəstəliklərinə ilk aylarda diaqnoz qoymaq çətin olur. Nəticədə irəliləyən xəstəliyin müalicəsi çətinləşir və körpədə hər hansı fəsad yaranır. Bunun qarşısını almaq üçün bir sıra müayinələrin erkən dövrdə aparılması olduqca əhəmiyyətlidir.

 

Medpress.az AZƏRTAC-a istinadla xəbər verir ki, bu sözləri Azərbaycan Tibb Universitetinin (ATU) Tədris Cərrahiyyə Klinikasının pediatrı, tibb üzrə fəlsəfə doktoru Nurəngiz Hacıyeva deyib.

 

Mütəxəssis bildirib ki, körpə doğulandan sonra 6 saatdan gec olmayaraq qan analizinin geniş laborator müayinəsi aparılmalıdır: “Yenidoğulanlara doğum evində tətbiq edilən “topuq testi” bir sıra metabolik xəstəliklərin – fenilketonuriya, anadangəlmə hipotireoz və s. vaxtında aşkarlanmasına və vaxt itirmədən müalicəyə başlamağa imkan verir. Bununla yanaşı, körpənin birinci ayında bud-çanaq oynağının ultrasəs, 6-cı həftəsində isə ürəyin dopler müayinələri aparılmalıdır. Görmənin müəyyən edilməsi üçün vaxtında doğulan körpələrin 4-6-cı həftəsində izləmə və fiksasiya reaksiyası varsa, onların 6 ayında və 1 yaşında həkim konsultasiyasına aparılması tövsiyə olunur. Əgər onların izləmə və fiksasiya reaksiyası qeyd olunmursa, dərhal oftalmoloqun müayinəsindən keçməlidirlər. Vaxtından əvvəl doğulanlarda, xüsusən kütləsi 1500 qramdan az olan yenidoğulanlarda isə torlu qişanın müayinəsi hər 2 həftədən bir aparılmalıdır.

 

Eşitmənin müəyyən edilməsi üçün doğum evlərində aparılan obyektiv müayinə metodlarının – eşitmə skrinninqinin olması çox vacibdir. Kiçik yaşlı uşaqlarda otoakustik emissiya (OAE) və beyin kötüyünün cavab reaksiyalarının (BERA) müayinələri zəruri hesab olunur və aparılır. Bu metodlar həm ilkin diaqnostika, həm də xəstəliyin proqressivləşməsinin vaxtında müəyyən edilməsi nöqteyi-nəzərindən çox əhəmiyyətlidir. OAE və BERA obyektiv müayinə metodları olmaqla, səs qıcığına qarşı daxili qulağın və beyin kötüyünün cavab reaksiyalarını qeyd edərək yeni doğulan və kiçikyaşlı uşaqlarda eşitmənin patologiyasını aşkar edir. Bu müayinələr uşaq anadan olduqdan dərhal sonra aparılmalıdır. BERA belə obyektiv müayinələrin ən həssasıdır. Həmin müayinə üsulu eşitmə azlığını və karlığı vaxtında aşkarlayıb müalicə etməklə uşağın nitqinin açılması üçün əvəzsiz metoddur”.

 

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir