Nevrit periferik sinirlərin iltihabı xəstəliyidir. İltihablaşan sinirin gedişi boyu güclü ağrılar, həmin sinirin təchiz etdiyi əzələlərdə zəiflik və atrofiya, dərinin həmin hissəsində soyuğa, istiyə və toxunmaya qarşı həssaslığın dəyişməsi, bəzi hallarda isə hərəkətin pozulması ilə müşahidə olunur.
Medpress.az AZƏRTAC-a istinadla bildirir ki, bu barədə Bakı Sağlamlıq Mərkəzinin həkim-nevropatoloqu Sevinc Salamova məlumat verib: “Nevritin yaranma səbəbləri arasında travma, intoksikasiya, infeksion xəstəlik, həmçinin şəkərli diabet kimi mübadilə xəstəlikləri və sinirin qan təchizatının pozulması əsas yer tutur.
Nevritin klinikası zədələnmə yerindən asılı olaraq dəyişir. Məsələn, üz sinirin nevriti daha çox orta qulağın iltihabı və soyuqlama zamanı əmələ gəlir və özünü üz simmetriyasının pozulması ilə büruzə verir. Zədələnmiş tərəfdə göz qapaqları yumulmur, ağız bucağı aşağıya doğru əyilmiş olur, xəstə sanki dişlərini göstərir, qaşlarını çata, alnını qırışdıra və ya ovurdlarını şişirdə bilmir. Duru qidalar zədələnmiş tərəfdən xaricə axır”.
Xəstəliyin sonrakı mərhələsi barədə isə həkim-nevropatoloq bunları söyləyib: “Eşitmə sinirinin nevriti infeksiyalar, ototoksik dərmanların təsiri, şəkərli diabet və ya ateroskleroz nəticəsində inkişaf edir, xəstəni qulaqda küy və eşitmənin getdikcə zəifləməsi kimi əlamətlər narahat edir. Dirsək oynağının travmaları isə dirsək və ya mil sinirinin iltihabı ilə nəticələnə bilər, barmaqlar, əl pəncəsi və biləkdə hərəki funksiyanın pozulması, həmçinin said əzələlərinin atrofiyası baş verir”.
Onun dediyinə görə, nevritlərin müalicəsi xəstəliyin səbəbindən asılı olur, əsas etibarilə ağrının azaldılması və iltihablaşmış sinir funksiyalarının bərpasına yönəlir.