Qızılca epidemiyası dünyanı bürüyüb

Bütün dünyada böyük qızılca xəstəliyi partlayışı müşahidə olunur. Niyə belə olur və qızılcanın yayılması ilə müxtəlif ölkələrdə necə mübarizə aparılır?

 

Medpress.az xarici mediaya istinadla xəbər verir ki, martın 27-də ABŞ-ın ştatlarından birində fövqəladə vəziyyət elan edilib. Ukraynada qızılcaya yoluxanların sayı son 10 ildə rekord həddə çatıb. Bu xəstəliyə Azərbaycanda da yoluxma qeydə alınıb.

 

ABŞ-da fövqəladə vəziyyət

 

Nyu-York ştatında qızılcanın alovlanması ilə bağlı fövqəladə vəziyyət elan edilib. Ötən ilin oktyabr ayından 300 minlik əhalisi olan Roklend dairəsində 153 yoluxma halı qeydə alınıb. Hakimiyyət peyvənd olunmayan insanın ictimai yerə gəlməsinə görə 500 dollar miqdarında cərimə və 6 aya qədər azadlıqdan məhrumetmə cəzası tətbiq edib. Yaxın 30 gündə peyvənd etdirməyən yeniyetmələrə müşayiət olmadan məktəblərə, ticarət mərkəzlərinə, restoranlara və ziyarətgah yerlərində görünməsi qadağan edilib. Xəstəliyin alovlanması səbəbindən Vaşinqton, Kaliforniya, Texas və İllinoys ştatlarında da bu cür qərarlar qəbul olunub.

 

ABŞ-da son illər peyvənd olunanların sayı stabil olaraq azalır. Valideynlər peyvənddən fəlsəfi və ya dini səbəblər üzündən, yaxud peyvəndin ciddi fəsadlara səbəb ola biləcəyini əsas gətirərk imtina edirlər.  

 

Məlumata görə, Roklenddə xəstələnənlərin çoxu ulrtaortadoksal icmaya mənsub olanlardır və burada 6 mindən çox uşaq peyvəndlənməyib. Son altı ayda 17 mindən çox peyvəndləşmə aparılıb, ancaq infeksiyanın yayılmasının qarşısını almağa kömək etməyib.

 

Roklendin rəhbəri Ed Dey bunu “səhiyyənin böhranı” adlandırıb. O deyib ki, amerikalı həkimlər yerli sakinlərin müqaviməti ilə üzləşir. Ed Dey bunu “qəbuledilməz və məsuliyyətsizlik” hesab edir.

 

Qızılcanın Avropada partlayışı

 

Avropada 2018-ci ildə qızılcaya tutulanların sayı son 10 ildə rekord həddə çatıb. Ümumdünya Səhiyyə Təşkilatının məlumatına görə, ötən il Avropada qızılcadan 72 nəfər ölüb, 82 minnən çox insan xəstəliyə yoluxub. Xəstəlik halları Avropanın 53 ölkəsindən 47-də qeydə alınıb. Xəstəliyə tutulanların əksəriyyəti xəstəxanalara yerləşdiriliblər.

 

Ən ciddi vəziyyət Ukraynada müşahidə olunur. 2018-ci ildə bu ölkədə 53 mindən çox qızılcaya yoluxma qeydə alınıb. Bu, bütün Avropa ölkələri ilə müqayisədə daha çoxdur.

 

Bu ilin ilk iki ayında 20 mindən çox insan xəstələnib, 9 nəfəri ölüb. Xəstəliyə yoluxanların yarıdan çoxu uşaqlardır. Ukraynanın SəhiyyəNazirliyi qeyd edir ki, ölkədə sanitar-epidemioloji vəziyyəti yaxşılaşdırmaq üçün əhalinin ən azı 90 faizi peyvənd olunmalıdır.

 

Rusiyada vəziyyət necədir?

 

Rusiyada qızılcaya tutulanların sayı ildən-ilə dəyişir. Ən ciddi vəziyyət 2012-2014-cü və 2018-ci ildə qeydə alınıb. Bundan əvvəlki ildə 2538 nəfər xəstələnib, bu isə 2010-cu ildəkindən təxminən 20 dəfə çoxdur.

 

Qızılca niyə belə alovlanır?

 

Qızılca çox yoluxucu virus xəstəliyi sayılır – hətta Eboladan, vərəmdən, yaxud zökəmdən də yoluxucudur. Virus hava-damcı yolla sürətlə yayılır, xəstəliyin fəsadları beyin iltihabı və qulaq infeksiyalarına gətirib çıxara bilər.

 

Qızılcanın müalicə üsulu olmadığından, etibarı müdafiə üçün yeganə vasitə peyvənddir.  Dünyada kütləvi peyvəndləşmənin tətbiqinə qədər dünyada qızılcadan 2,6 milyondan çox insan ölüb. Ümumdünya Səhiyyə Təşkilatının məlumatına görə, hazırda illik orta göstərici 90 min nəfərə yaxındır, lakin son illər bu rəqəm stabil olaraq artır.

 

Ümumdünya Səhiyyə Təşkilatı peyvənd olunmaqdan imtinanı 2019-cu ildə səhiyyənin ən böyük təhlükələrindən biri adlandırıb.

 

 

 

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir