Bitki və heyvan növlərinin çoxu yoxa çıxmaq həddindədir

Son illər biomüxtəlifliyin görünməmiş sürətlə itirilməsi müşahidə olunur. Bu da biosferin Yerdə həyatı dəstəkləmək qabiliyyətini ciddi sarsıdır. Bitki və heyvan növlərinin çoxu yoxa çıxmaq həddindədir. Bu isə gələcəkdə ərzaq qıtlığına, əhalinin sağlamlığının, planetin durumunun pisləşməsinə gətirib çıxara bilər. Medpress.az xəbər verir ki, Birləşmiş Millətlər Təşkilatının (BMT) Ərzaq və Kənd Təsərrüfatı Təşkilatının (FAO) yeni məruzəsində belə deyilir.

 

FAO-nun biomüxtəlifliyin durumuna və onun kənd təsərrüfatı, ərzaq sahəsində vəziyyətlə əlaqəsinə həsr olunmuş məruzəsində bildirilir ki, qida zəncirində mühüm rol oynayan bir çox nadir heyvan, bitki növləri və digər orqanizmlər son onilliklər ərzində yoxa çıxıb.

 

Heyvanlar, ağaclar və bitkilər bir yana, hətta parabizən və soxulcanlar, suyu, havanı və torpağı təmizləyən, məhsulu ziyanvericilərdən qoruyan mikroorqanizmlər də qida zəncirində çox mühüm rol oynayır. İqlim dəyişmələri, məskunlaşma yerlərinin itirilməsi, təbii sərvətlərin hədsiz istismar olunması, brakonyerlik və qanunsuz ticarət onların itirilməsinin əsas səbəbləridir.

 

FAO-nun baş direktoru Joze Qratsianu da Silva deyib: “Biomüxtəliflik bütün dünyada ərzaq sabitliyinin dəstəklənməsi işində, rasional qidanın təmin edilməsində, kənd sakinlərinin həyat keyfiyyətinin yaxşılaşmasında, insanların rifahının yüksəlməsində həlledici rol oynayır”

 

Məruzədə deyilir ki, 2000-2018-ci illərdə təqribən 150 cinsdən olan qaramalın nəsli kəsilib. Bütövlükdə dünya heyvandarlığı əhalini ət, süd və yumurta ilə təmin edən 40 növ heyvan üzərində qurulub. Bəzi rayonlarda flora müxtəlifliyi azalır. Təqribən 6 min yeməli bitki növündən 200-dən azı ərzaq istehsalı üçün fəal istifadə olunur.

 

Ekspertlər balıq ehtiyatlarının tükənməsi, tozlandırıcıların, torpaq orqanizmlərinin və vəhşi təbiətin təqdim etdiyi qida məhsullarının çoxunun itirilməsi barədə həyəcan təbili çalır.

 

FAO-nun başçısı deyib: “Biomüxtəlifliyin azalması ona gətirib çıxarır ki, bitki və heyvanlar getdikcə daha tez-tez ziyanverici və xəstəliklərin qurbanına çevrilir”.

 

Onun sözlərinə görə, biomüxtəlifliyin itirilməsi həm də insanların qidalanmaq üçün getdikcə daha az heyvan və bitki növlərindən istifadə etməsi ilə bağlıdır. Məsələn, cəmi üç bitki – qarğıdalı, buğda və düyü zülal və kalorilərin gündəlik istehlak normasının təqribən 60 faizini təmin edir.

 

Məruzə müəllifləri biomüxtəlifliyin neqativ faktorlardan mühafizəsi və onun dayanıqlı istifadəsi istiqamətində təcili tədbirlər görməyə çağırırlar.

 

Qeyd edək ki, FAO-nun yeni məruzəsi 91 ölkənin təqdim etdiyi informasiya əsasında hazırlanıb.

 

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir