Son illər Azərbaycanda qan xidmətinin inkişafına strateji əhəmiyyətli məsələ kimi xüsusi diqqət yetirilir. 2010-cu ildə 19,5 ton qan tədarük edilmişdisə, 2018-ci ildə bu rəqəm 38 tona yaxın olub. Təkcə Aşura günündə 3827 nəfərdən qan götürülüb və 1722 litr qan tədarük edilib. Hazırda tibb müəssisələrinin və xəstələrin “təhlükəsiz” donor qanına və onun komponentlərinə ehtiyacı tam ödənilir.
Medpress.az bildirir ki, bu barədə Səhiyyə Nazirliyində ilin yekunlarına həsr olunmuş kollegiya iclasında məlumat verilib.
Səhiyyə Nazirliyinin tibbi yardımın təşkili şöbəsinin müdiri Gülmirzə Poladov bildirib ki, hazırda respublikada 1621 hemofiliyalı xəstə qeydiyyatdadır. Uğurla həyata keçirilən dövlət proqramı çərçivəsində belə xəstələrə göstərilən tibbi xidmətin səviyyəsinin yüksəldilməsi, davamlı faktor preparatları ilə təmin edilməsi nəticəsində onların həyat keyfiyyətinin yaxşılaşmasına və bu xəstəlikdən ölüm hallarının azaldılmasına nail olunub.
Onun sözlərinə görə, Azərbaycanda talassemiyalı xəstə uşaqların doğulmasının qarşısının alınması istiqamətində konkret addımlar atılır. İl ərzində 126 mindən çox insanın qan nümunəsi müayinə olunub. Hazırda 1100-dən çox xəstənin dövlət hesabına innovasion preparatlarla təminatı həyata keçirilir. Beləliklə, əvvəllər mütləq ölümlə nəticələnən bu xəstəlikdən əziyyət çəkənlərin həyat keyfiyyəti yaxşılaşıb və bəzi hallarda sağalması mümkün olub.
Şöbə müdiri qeyd edib ki, son illər səhiyyənin qarşısında duran ən çətin problemlərdən biri olan xroniki böyrək çatışmazlığından əziyyət çəkən insanların hemodializ müalicəsi artıq həllini tapıb. Respublikanın şəhər və rayonlarında fəaliyyət göstərən 44 mərkəzdə 3600-dən artıq xəstə hemodializ seansları və müvafiq dərman vasitələri ilə tam həcmdə ödənişsiz təmin olunurlar. İndi Azərbaycanda böyrək köçürülməsi əməliyyatı olunmuş 900-dən çox insan var və dövlət onların dərman preparatları ilə təminatını öz üzərinə götürüb.