Tibb elmləri doktoru Mikloş Kozlovskinin rəhbərliyi ilə macarıstanlı könüllü alimlər komandası paytaxtdakı Obuda Universitetinin dəstəyi ilə dünyada ilk modul tipli kütləvi süni tənəffüs sistemi yaradıb.
Medpress.az AZƏRTAC-a istinadən xəbər verir ki, yeni sistem koronavirusla mübarizə aparan 50-yə qədər pasiyentə eyni vaxtda xidmət etmək üçün nəzərdə tutulub. Qrupun rəhbəri jurnalistlər üçün brifinqdə bildirib ki, alimlər bu sistemin klinik tətbiqindən əvvəlki mərhələdə test yoxlamalarına başlayırlar. Bundan sonra xəstələrin iştirakı ilə klinik sınaq keçirilə bilər. Yeniliyin müəllifləri daha sonra bildiriblər ki, koronavirus pandemiyası dövründə dəyişən şərait yeni problemlər yaradır, buna görə də hazırda həmin qrup mobil konteynerə qoşula biləcək prototip üzərində işləyir. Bu halda mobil konteyner kimi avtobus, vaqon və hətta katerdən istifadə edilə bilər.
Mikloş Kozlovski deyib: “Tədqiqat prosesində son aylarda biz kütləvi ventilyasiya konsepsiyasının hər cəhətdən funksionallığını sübut etmək üçün bir sıra prototiplər yaratmalı olduq. Lakin bu sistem test mühitindən əlavə canlı orqanizmlər üzərində də yoxlanmalıdır. Buna görə də hələlik heyvanlar üzərində test yoxlamalarına hazırlıq gedir”.
Tədqiqat qrupunun üzvləri cari vəziyyəti belə təsvir ediblər: heyvanlar üzərində sınaqlar zamanı uzunmüddətli süni ventilyasiyadan sonra ağciyər toxumalarında mikroskopik zədələnmələrin yaranıb-yaranmaması öyrənilib. Belə tədqiqatları insanlar üzərində aparmaq olmaz. Buna görə də əvvəlcə heyvanlar üzərində sınaqlar keçiriləcək və əgər həmin sınaqlar uğurlu olsa, insanlar üzərində sınaqlar başlanacaq.