Rəng korluğu irsən keçən xəstəlikdir

Daltonizm -rəng korluğu gözün görmə mərkəzindəki xüsusi piqmentlərin yoxluğu və yaxud əskikliyi nəticəsində yaranan xəstəlikdir. Problemə səbəb göz arxasında yerləşən rəng detektorundakı hüceyrələrdə olan konusların içərisindəki 3 piqmentin (qırmızı, yaşıl və mavi) hansısa birinin və ya hər üçünün az olması, yaxud da heç olmamasıdır. Bu patoloji hala ilk dəfə 1798-ci ildə ingilis Con Daltonda rast gəlinib. Sonradan onun adı ilə adlandırılan daltonizm bəzi insanların qırmızı və yaşıl rəngi seçə bilməməsidir.

 

Medpress.az AZƏRTAC-a istinadla bildirir ki, Azərbaycan Tibb Universitetinin Tədris Terapevtik Klinikasından verilən məlumata görə, irsən keçən bu xəstəliyə ən çox oğlan uşaqlarında rast gəlinir. Lakin az hallarda qız uşaqları da bu çatışmazlıqdan əziyyət çəkirlər. Əgər bu xəstəlik valideynlərdən birində varsa, bu, oğlan uşaqlarında rast gəlinməsi üçün yetərli səbəbdir. Hər iki valideynin daltonik olması qız uşaqlarında bu xəstəliyin əmələ gəlməsinə səbəb olur. Daltonik bir kişinin qızı heç vaxt daltonik olmur, lakin əlamətləri özündə daşıyır və

gələcəkdə onun oğlu bu problemlə doğula bilər. Hazırda dünyada kişilərin 8, qadınların isə 0,5 faizi daltonikdir.

 

Daltonizm tam və qismən rəng korluğu olmaqla iki qrupa ayrılır. Uşaqlıq və ya yeniyetmə dövründən başlayan daltonizm yaş artdıqca ağırlaşır. Xəstəliyin əmələ gəlməsinin başlıca səbəbi genetikdir. Problem X xromosomu üzərində daşınır. Lakin beyin zədələri, gözün üst təbəqəsinin zədələnməsi, uşaq ikən ultrabənövşəyi şüalara çox məruz qalınması da xəstəliyin yaranmasına səbəb ola bilər.

 

Maraqlıdır ki, daltonizmə təkcə insanlarda deyil, heyvanlarda da rast gəlinir. Bu problemin dəqiq bir müalicəsi olmasa da, qismən rəng korluğu olduqda xromogen linza və xüsusi eynəklərlə xəstənin görə bilmədiyi rənglər parlaq bir hala gətirilə bilir.

 

(Visited 163 times, 1 visits today)

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir