Bu xəstəliyə yoluxanların 90 faizi ölə bilər – ƏLAMƏTLƏR

Ebola eyniadlı virusun törətdiyi və hemoragik qızdırma kimi tanınan ağır gedişli xəstəlikdir. İnfeksiya ilk dəfə 1976-cı ildə eyni vaxtda iki ocaqda – Sudanın Nzar və Konqo Demokratik Respublikasının Yambuk əyalətinin Ebola çayı ətrafında yaşayan əhali arasında baş qaldırıb. Xəstəliyin adı da çayın adından götürülüb.

 

Medpress.az AZƏRTAC-a istinadla bildirir ki, Kliniki Tibbi Mərkəzin həkim-infeksionisti Aynur Məmmədovanın verdiyi məlumata görə, virusa yoluxma qorilla, şimpanze növündən olan meymunları və meşə antilopu kimi vəhşi heyvanları yarasa dişləməsi nəticəsində baş verir: “Xəstəliyə yoluxan heyvanın qanı, ifrazatı, orqanlardan xaric olan maye ilə sıx kontakt insanda yoluxmaya səbəb olur. Xəstənin qanı və ya orqanizmindən xaric olan hər hansı maye, adətən zədələnən dəri və selikli qişalardan keçərək yayılır. Xəstə və şübhəlilərlə yaxın təmas da virusa yoluxma halları ilə nəticələnir. Xəstəlikdən ölüm hallarının göstəricisi bəzən 90 faizə çatır.

 

Ebola virusunun törətdiyi problem, adətən kəskin qızdırma, halsızlıq, güclü əzələ, baş və boğaz ağrıları ilə başlayır. Sonra qusma, ishal, səpgi kimi əlamətlər də qoşulur, qaraciyər və böyrəyin funksiyaları pozulur. Bəzi xəstələrdə qaşınma, gözlərdə qızarma, hıçqırıq, öskürək, boğaz və sinədə ağrı, nəfəsalma və udqunma çətinliyi, nadir hallarda daxili və xarici qanaxmalar müşahidə olunur. Qanın laborator müayinəsində ağ qan hüceyrələrinin və trombositlərin miqdarında azalma, qaraciyər fermentlərinin səviyyəsində isə artım müəyyən edilir. Xəstəlik əlamətləri səngiyən, lakin qan və ifrazatlarında virus aşkarlanan xəstələr yoluxucu hesab olunur. Viruslar prostat vəzdən ifraz olunan toxum şirəsinin tərkibində kliniki sağalma müşahidə olunduqdan 7 həftə sonraya qədər yaşayır və həmin dövrdə yoluxma ehtimalı yüksək olur. Virusun yoluxma anından xəstəlik simptomları müşahidə olunana qədər keçən inkubasiya dövrü 2 gündən 21 günə qədər davam edə bilər”.

 

Həkim-infeksionistin dediyinə görə, xəstəliyin yayılma formaları dəqiq məlum olmadığına görə ondan qorunmaq olduqca çətindir. Ona görə də virusun yayılması şübhəli olan bölgələrdə xəstəliyin yayılmasının qarşısını almaq üçün müəyyən tədbirlər görülməsi vacibdir: “Digər yoluxucu xəstəliklərdə olduğu kimi, problemin qarşısını almaq üçün mütəmadi olaraq əlləri su və qələvi tərkibli sabunlarla yumalı, su və sabun olmadığı təqdirdə susuz olaraq tərkibində spirt saxlayan əl losyonları vasitəsilə silinməlidir. Əlcəkdən istifadə edərkən onu çıxarmamış və çıxardıqdan sonra əllərin yuyulması müəyyən dərəcədə virusun dəri vasitəsilə yoluxmasının qarşısını alır. Ölü heyvanlar, xüsusilə primatlarla təmasdan və vəhşi heyvanların ətini yeməkdən çəkinmək lazımdır. Xəstəxana və tibb məntəqələrində qoruyucu geyimlərdən – önlük, əlcək, maska və gözqoruyucu eynəkdən istifadə edilməli və qoruyucu vasitələr ciddi şəkildə sterilizə olunmalıdır. Xəstələrin qan və ifrazat məhsulları ciddi şəkildə məhv edilməlidir. Ölüm hallarında cəsədlə birbaşa təmasın qarşısı alınmalıdır”.

 

Bütün bunlarla yanaşı, xəstəliyin yayıldığı ölkələrə səyahət edənlər və ya həmin zonadan gələnlərin xəstə insan və ya heyvanlarla təması olmadıqda 10 gün, təmas aşkar edildikdə isə 21 gün ciddi tibbi nəzarətdə olmalıdır. Səyahət müddətində yüngül qızdırma müşahidə olunanda hər hansı tibb müəssisəsinə müraciət edilməli, üz tutulan ünvanlar və təmas saxlanılan kəslər barədə dəqiq məlumat verilməlidir.

 

(Visited 142 times, 1 visits today)

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir