Birinci qrup əlilliyə görə ödəniləcək sosial müavinətin məbləği AÇIQLANDI

Azərbaycanda I qrup əlilliyə görə sosial müavinət (150 manat) və təqaüd (100 manat+50 manat) formasında aprelin 1-dən ümumilikdə 300 manat ödəniləcək.

 

Medpress.az bildirir ki, bu barədə Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi məlumat yayıb. Məlumata görə, bu, indiki müvafiq məbləğlə müqayisədə 145 manat və ya 93,5 faiz çoxdur. Sosial müavinətin məbləği II qrup əlilliyə görə 2,1 dəfə artırılmaqla 61 manatdan 130 manata, III qrup əlilliyə görə isə 2,1 dəfə çox olmaqla 52 manatdan 110 manata çatdırılır.

 

Nazirliyin açıqlamasında qeyd edilir ki, prezident İlham Əliyevin “Əhalinin sosial müdafiəsinin gücləndirilməsi sahəsində əlavə tədbirlər haqqında” 2019-cu il fevralın 25-dəki sərəncamı 577 minədək vətəndaşın rifahının yaxşılaşdırılması istiqamətində əhəmiyyətli irəliləyişə imkan verib. Onlardan 165 min 376 nəfəri ümumi xəstəlik, hərbi xidmət dövründə xəstələnmə, əmək zədəsi və peşə xəstəliyi, hərbi əməliyyatlar keçirilən zonada olmaqla əlaqədar, Çernobıl Atom Elektrik Stansiyasında qəzanın ləğvi ilə əlaqədar səbəblərdən əlilliyi olan (əmək pensiyası almayan) vətəndaşlardır.

 

Sərəncama əsasən, bu kateqoriyaya aid vətəndaşlardan I qrup əlilliyi olan şəxslərə ödənilən sosial müavinətin məbləği 83 faiz artırılaraq 82 manatdan 150 manata, onlar üçün Azərbaycan prezidentinin aylıq təqaüdünün məbləği isə 37 faiz artırılaraq 73 manatdan 100 manata çatdırılır.

 

Bundan əlavə, sərəncam I qrup əlilliyi olan şəxslərə qulluq edənlərə prezidentin aylıq təqaüdü kimi 50 manat məbləğində təqaüdün təsis edilməsini nəzərdə tutur.

 

(Visited 60 times, 1 visits today)

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir